e5effbd4-6f3c-401b-8b2c-a913cb685155..jpg

Zakir Həsənov döyüş hazırlığının maksimum real döyüş şəraitinə uyğun təşkil edilməsinə dair göstəriş verdi

Baxış sayı: 877 dəfə baxılıb.

Zakir Həsənov döyüş hazırlığının maksimum real döyüş şəraitinə uyğun təşkil
edilməsinə dair göstəriş verdi

Fevralın 11-də müdafiə naziri, general-polkovnik Zakir Həsənovun rəhbərliyi
ilə xidməti müşavirə keçirilib.

Müdafiə Nazirliyindən verilən məlumata görə, müşavirədə nazir müavinləri,
qoşun növü komandanları, nazirliyin baş idarə, idarə və xidmət rəisləri,
həmçinin videobağlantı vasitəsilə hərbi birlik və birləşmə komandirləri iştirak
ediblər. Əvvəlcə qardaş Türkiyədə baş vermiş zəlzələ nəticəsində həlak
olanların xatirəsi bir dəqiqəlik sükutla yad edilib.

Müdafiə naziri Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Ali
Baş Komandanıİlham Əliyevin qardaş ölkəyə hərtərəfli yardımların göstərilməsi
ilə əlaqədar tapşırıqlarını diqqətə çatdırıb. General-polkovnik Z.Həsənov
Azərbaycan Respublikasının Prezidentinin göstərişinə uyğun olaraq Türkiyədə baş
vermiş zəlzələdən zərər çəkənlərə dəstək məqsədilə Müdafiə Nazirliyinin müvafiq
hərbi hissələrində təşkil olunan məntəqələrdə yardımların toplanmasında fəal
iştirak edən hərbi qulluqçulara və onların ailə üzvlərinə təşəkkürünü bildirib.

Türkiyəyə ezam olunmuş hərbi tibb personalımızın Kahramanmaraşda fəaliyyətini
yüksək qiymətləndirən nazir Azərbaycan Ordusunun hər zaman qardaş Türkiyənin
yanında olduğunu xüsusi vurğulayıb.

Azərbaycan Ordusunun bölmələrinin daim döyüşə hazır olması ilə bağlı Ali Baş
Komandan tərəfindən qarşıya qoyulmuş vəzifələri müşavirə iştirakçılarına
çatdırdıqdan sonra general-polkovnik Z.Həsənov bölmələrin döyüş qabiliyyətinin
yoxlanılmasının nəticələri barədə məruzələri dinləyib.

Yoxlamaların nəticələrini yüksək qiymətləndirən nazir döyüş hazırlığı
tədbirlərinin maksimum real döyüş şəraitinə uyğun təşkil edilməsinə dair
aidiyyəti üzrə vəzifəli şəxslərə müvafiq göstərişlər verib.

Müşavirə zamanı sərhəddə, eləcə də Rusiya sülhməramlı kontingentinin müvəqqəti
yerləşdiyi Qarabağ iqtisadi rayonundakı ərazilərimizdə mövcud əməliyyat şəraiti
geniş təhlil edilib. General-polkovnik Z.Həsənov ehtimal olunan təhdidlərə
qarşı qabaqlayıcı tədbirlərin görülməsi barədə konkret tapşırıqlar verib.

Qarsda keçirilən “Qış təlimi – 2023”dən danışan nazir təlimdə iştirak edən
hərbi qulluqçuların yüksək peşəkarlığına dair Azərbaycan və Türkiyə müdafiə
nazirlərinin həmfikir olduqlarını qeyd edib.

Müşavirədə xüsusilə sərt iqlim şəraitində çətin relyefli ərazilərdə
dislokasiya olunan bölmələrin döyüş qabiliyyətinin yüksək səviyyədə
saxlanılması, eləcə də xidməti-döyüş tapşırıqlarının yerinə yetirilməsi zamanı
təhlükəsizlik qaydalarına əməl edilməsi və yanğın əleyhinə zəruri tədbirlərin
görülməsinin vacibliyi qeyd olunub. Döyüş növbətçiliyinin aparılması zamanı
sayıqlığın artırılması barədə konkret tapşırıqlar verilib.

Hərbi təhsil müəssisələrinin fəaliyyəti barədə məruzələr dinlənildikdən sonra
müdafiə naziri bu istiqamətdə görülən işlərlə bağlı aidiyyəti şəxslərə müvafiq
göstərişlər verib.

General-polkovnik Z.Həsənov şəxsi heyətə, xüsusilə gənc əsgərlərə diqqət və
qayğı ilə yanaşılması, hərbi qulluqçuların sosial-məişət şəraitinin daha da
yaxşılaşdırılması, eləcə də tibbi təminat məsələləri və mühəndis tədbirləri ilə
bağlı müvafiq tapşırıqlar verib.

Source link