2a40f164-5852-4472-bd02-44cfb907120e..jpg

Zakir Həsənov döyüş hazırlığının yüksək səviyyədə saxlanılması barədə tapşırıq verib

Baxış sayı: 898 dəfə baxılıb.

Zakir Həsənov döyüş hazırlığının yüksək səviyyədə saxlanılması barədə tapşırıq
verib

Yanvarın 14-də müdafiə naziri general-polkovnik Zakir Həsənovun rəhbərliyi ilə
xidməti müşavirə keçirilib.

Bu barədə Müdafiə Nazirliyi məlumat yayıb.

Müşavirədə nazir müavinləri, qoşun növləri komandanları, nazirliyin baş idarə,
idarə və xidmət rəisləri, eləcə də videobağlantı vasitəsilə hərbi birlik və
birləşmə komandirləri iştirak ediblər.
Əvvəlcə ümummilli lider Heydər Əliyevin və ölkəmizin ərazi bütövlüyü uğrunda
həlak olan şəhidlərimizin xatirəsi bir dəqiqəlik sükutla yad edilib.

Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı
İlham Əliyevin yerli televiziya kanallarına son müsahibəsi zamanı Ordunun
xidməti-döyüş fəaliyyətinin, eləcə də aparılan hərbi islahatların yüksək
qiymətləndirildiyini vurğulayan nazir Ali Baş Komandanın Azərbaycan Ordusu
qarşısında qoyduğu tapşırıqları müşavirə iştirakçılarının diqqətinə çatdırıb.

Sonra Azərbaycan-Ermənistan şərti sərhədində və Rusiya sülhməramlı
kontingentinin müvəqqəti yerləşdiyi ərazilərimizdəki əməliyyat şəraiti geniş
təhlil edilib.

General-polkovnik Z.Həsənov bölmələrin döyüş hazırlığının yüksək səviyyədə
saxlanılması və baş verə biləcək istənilən təxribatın qarşısının alınmasına hər
an hazır olunması barədə konkret tapşırıqlar verib.

Silahlanmada olan yeni silah və döyüş texnikasının şəxsi heyət tərəfindən
öyrənilməsi, onların düzgün istismarı və effektiv tətbiqi məqsədilə mütəxəssis
hazırlığına xüsusi diqqət yetirilməsinin əhəmiyyəti vurğulanıb.

Azərbaycan Ordusunda peşəkar kadr heyətinin hazırlanması məqsədilə təhsil
sahəsində aparılan islahatlar geniş müzakirə edilib. Bu istiqamətdə görülən
işlərin intensivliyinin artırılması ilə bağlı aidiyyəti şəxslərə konkret
tapşırıqlar verilib.

Qış tədris dövründə döyüş hazırlığının xüsusiyyətlərini müşavirə
iştirakçılarının diqqətinə çatdıran müdafiə naziri qış aylarında, xüsusilə də
dağlıq ərazilərdə dislokasiya olunan bölmələrin təminat məsələlərinin, o
cümlədən təminat yollarının və rabitə-kommunikasiya xətlərinin daim işlək
vəziyyətdə saxlanılmasının vacibliyini qeyd edib.

Azad edilmiş ərazilərin mina və partlamamış döyüş sursatlarından təmizlənməsi
məqsədilə görülən mühəndis tədbirlərinin 2023-cü ildə də plana uyğun olaraq
müəyyən edilmiş istiqamətlər üzrə davam etdirilməsi tapşırılıb.

2023-cü ilin “Heydər Əliyev İli” elan edilməsi haqqında Azərbaycan
Respublikası Prezidentinin Sərəncamına əsasən, Orduda keçiriləcək silsilə
tədbirlər şəxsi heyətin döyüş ruhunun daha da yüksəlməsində mühüm rol
oynayacağını bildirən nazir ideoloji iş və mənəvi-psixoloji təminat
istiqamətində fəaliyyətlərin yüksək keyfiyyətlə həyata keçirilməsi barədə
müvafiq vəzifəli şəxslərə göstərişlər verilib.

Gündəlik fəaliyyət zamanı təhlükəsizlik qaydalarına ciddi riayət edilməsi,
hərbi qulluqçulara, xüsusilə xidmətə yeni qəbul edilən gənc əsgərlərə diqqət və
qayğı ilə yanaşılması, onların mövsümi xəstəliklərdən qorunması məqsədilə
aparılan tibbi-profilaktik tədbirlərə nəzarətin daha da gücləndirilməsi
tapşırılıb.

Sonda qoşun xidmətinin təşkili, eləcə də hərbi qulluqçuların xidməti və
sosial-məişət şəraitinin daha da yaxşılaşdırılması ilə bağlı aidiyyəti üzrə
müvafiq göstərişlər verilib.

Source link