Zakir Həsənov hərbi hissələrlə bağlı tapşırıq verdi
Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz
Martın 30-da Azərbaycan Respublikasının müdafiə naziri general-polkovnik Zakir
Həsənovun rəhbərliyi ilə Mərkəzi Komanda Məntəqəsində xidməti müşavirə
keçirilib.
Bu barədə Müdafiə Nazirliyi məlumat yayıb.
Nazir müavinləri, qoşun (qüvvə) növləri komandanları, nazirliyin baş idarə və
idarə rəisləri, eləcə də hərbi hissə komandirlərinin bilavasitə və
videobağlantı vasitəsilə iştirak etdiyi müşavirədə əvvəlcə xalqımızın ümummilli
lideri Heydər Əliyevin və ölkəmizin ərazi bütövlüyü, müstəqilliyi uğrunda şəhid
olanların, həmçinin 31 mart soyqırımı qurbanlarının xatirəsi bir dəqiqəlik
sükutla yad edilib.
Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyevin Azərbaycan Ordusu
qarşısında qoyduğu tapşırıqları müşavirə iştirakçılarının diqqətinə çatdıran
müdafiə naziri Azərbaycan Respublikasının Prezidentinin martın 18-də Xankəndi
şəhərində Novruz bayramı münasibətilə xalqımızı təbrik edərkən İkinci Qarabağ
müharibəsi və antiterror əməliyyatı zamanı Ordumuzun döyüş qabiliyyəti ilə
bağlı səsləndirdiyi fikirlərin Azərbaycan Ordusuna verilən yüksək dəyərin
göstəricisi olduğunu qeyd edib.
Müşavirədə Azərbaycan-Ermənistan şərti sərhədindəki mövcud əməliyyat şəraiti
təhlil edilib, hərbi hissələrin döyüş hazırlığının yüksək səviyyədə
saxlanılması, xidməti-döyüş fəaliyyətinin təkmilləşdirilməsi barədə vəzifəli
şəxslər qarşısında tapşırıqlar qoyulub.
General-polkovnik Z.Həsənov silahlanmaya yeni qəbul edilmiş müasir silah,
texnika və digər döyüş vasitələrinin tətbiqi ilə real döyüş şəraitinə uyğun
keçirilən təlimlərin və praktiki məşqlərin intensivliyinin daha da
artırılmasının vacibliyini vurğulayıb.
Müdafiə naziri şəxsi heyətin sağlamlığının qorunmasının daim diqqət mərkəzində
saxlanılması, xüsusilə Azərbaycan Respublikası Prezidentinin Sərəncamı ilə
2024-cü ilin aprel ayının 1-dən 30-dək müddətli həqiqi hərbi xidmətə yeni
çağırılacaq gənc əsgərlərin fərdi-psixoloji xüsusiyyətlərinin öyrənilməsi,
onların adaptasiya prosesinə həssaslıqla yanaşılması və xidmət müddətini başa
vurmuş hərbi qulluqçuların planlı şəkildə yola salınması ilə bağlı müvafiq
göstərişlər verib.
Ali Baş Komandan İlham Əliyev və Birinci vitse-prezident Mehriban Əliyevanın
diqqət və qayğısı sayəsində hərbi qulluqçuların sosial-məişət şəraitinin
yaxşılaşdırılması, qayğı və problemlərinin həlli istiqamətində görülən işlərin
davam etdirildiyi qeyd olunub. Bunun bariz nümunəsi olaraq dövlətimizin
başçısının 28 dekabr 2011-ci il tarixli “Azərbaycan Respublikası Silahlı
Qüvvələrinin hərbi qulluqçularının sosial müdafiəsinin gücləndirilməsi
tədbirləri barədə” Fərmanının icrasının təmin edilməsi məqsədilə 20 təqvim ili
və daha çox qüsursuz xidmət etmiş hərbi qulluqçulara daimi mənzillərin
verilməsinin hərbi qulluqçularda böyük ruh yüksəkliyi yaratdığı xüsusi
vurğulanıb.
Gündəlik xidməti fəaliyyətdə təhlükəsizlik qaydalarının şəxsi heyətə mütəmadi
olaraq çatdırılması və bu qaydalara onlar tərəfindən əməl olunmasına ciddi
nəzarət edilməsinin, eləcə də silah, döyüş və xüsusi texnikanın istismarı
zamanı iqlim şəraitinin xüsusiyyətlərinə diqqət yetirilməsinin vacibliyi qeyd
olunub.
Müdafiə naziri qoşun xidməti və ideoloji işin yüksək səviyyədə təşkilinə,
hərbi qulluqçuların sosial-məişət şəraitinin daha da yaxşılaşdırılmasına,
həmçinin mühəndis və tibbi təminat üzrə həyata keçirilən zəruri tədbirlərə
xüsusi diqqət yetirilməsi ilə bağlı vəzifəli şəxslər qarşısında konkret
tapşırıqlar qoyub.
Sonda general-polkovnik Z.Həsənov 31 Mart – Azərbaycanlıların Soyqırımı Günü
ilə əlaqədar anım və maarifləndirici tədbirlərin keçirilməsi barədə göstərişlər
verib.