Azərbaycan Respublikasının müdafiə naziri general-polkovnik Zakir Həsənovun
Mərakeşə işgüzar səfəri davam edir.
Cixisyolu.com xəbər verir ki, Müdafiə Nazirliyi məlumat yayıb.
Mərakeş Krallığının Hökumət Başçısı yanında Milli Müdafiə Administrasiyası
üzrə səlahiyyətli naziri Abdellatif Ludiyinin dəvəti ilə bu ölkədə işgüzar
səfərdə olan general-polkovnik Zakir Həsənov “Mərakeş Aviaşou 2024” sərgisinin
təntənəli açılış mərasimində iştirak edib.
Müxtəlif dövlət rəsmiləri və beynəlxalq şirkətlərin nümayəndələrinin iştirakı
ilə keçirilən tədbirdə Mərakeş Krallığının hökumət başçısı və digər rəsmilər
çıxış ediblər.
Çıxışlardan sonra “Mərakeş Aviaşou 2024” sərgisi ziyarət olunub.
General-polkovnik Z.Həsənov dünyanın aparıcı beynəlxalq şirkətlərinin təmsil
olunduğu sərgidə təqdim edilən hərbi aviasiya, qlobal aeronavtika və kosmik
sənaye innovasiyaları ilə tanış olub.
Noyabrın 2-dək davam edəcək sərgi çərçivəsində müdafiə sənayesindəki texnoloji
yeniliklər, davamlı strategiyanın inkişaf etdirilməsi, pilotsuz uçuş
aparatlarının təkmilləşdirilməsi və digər mövzularda panel müzakirələri
aparılacaq.