Zakir Həsənov Rusiyadadır - YENİLƏNİB

Zakir Həsənov Rusiyadadır – YENİLƏNİB

Baxış sayı: 2. 211 dəfə baxılıb.

Rusiyanın Tıva Respublikasının Kızıl şəhərində keçirilən MDB ölkələri Müdafiə Nazirləri Şurasının iclasında MDB ölkələri hərbi məqsədlər üçün peyk əlaqəsi sistemindən istifadə haqqında hökumətlərarası saziş imzalanıb. 

ÇıxışYolu.Com xəbər verir ki, bununla bağlı iclasın yekunlarına dair yayılan məlumatda bildirilib. 

“MDB-yə üzv dövlətlərin silahlı qüvvələrinin döyük imkanlarını artırmaq üçün peyk əlaqəsi sistemindən istifadə haqqında hökumətlərarası saziş və coğrafi məkan məlumatlarının mübadiləsi sahəsində əməkdaşlıq haqqında da saziş imzalanıb”, – məlumatda bildirilib. 

Qeyd edilib ki, müdafiə nazirləri MDB ölkələri hava hücumundan müdafiə sistemlərinin birləşmiş sistemləri, birgə əlaqə sistemləri, silahlı qüvvələrin aviasiya uçuşlarının təhlükəsizlik sistemləri və digər sistemlərin gələcək inkişafı haqqında təkliflərə baxıblar.

Bununla yanaşı, Belarusda MDB Hava Hücumundan Müdafiə Qüvvələrinin “Regional təhlükəsizlik -2018”  birgə kompüter komanda-qərargah təlimlərinin keçirilməsi ilə bağlı razılıq əldə edilib. 

Qazaxıstanda Hava Hücumundan Müdafiə Qüvvələrinin “Təmiz səma -2018” əməliyyat-taktiki komanda-qərargah təlimləri baş tutacaq. 

13:44

Bu gün Rusiyanın Tıva Respublikasının Kızıl şəhərində Müstəqil Dövlətlər Birliyi iştirakçı-dövlətlərinin Müdafiə Nazirləri Şurasının iclası keçirilib. 

Müdafiə Nazirliyindən ÇıxışYolu.Com-a verilən məlumata görə, Azərbaycanın müdafiə naziri general-polkovnik Zakir Həsənov iclasda iştirak edib.

İclasdan əvvəl MDB iştirakçı dövlətlərin müdafiə nazirləri Qələbə meydanına gələrək Böyük Vətən müharibəsində həlak olanların xatirəsinə ucaldılan abidəni ziyarət edib, önünə əklil qoyublar. Sonra qonaqlar Rusiya Federasiyası Müdafiə Nazirliyinin Kızıl şəhərindəki Prezident Kadet Məktəbinin tədris bazası ilə tanış olub, ağaclar əkib və “Aldın-Bulak” etnomədəni kompleksini ziyarət ediblər.

İclasda cari hərbi əməkdaşlıq və qarşıda duran məsələlər müzakirə olunub.

13:14

Azərbaycanın müdafiə naziri, general-polkovnik Zakir Həsənov Rusiya Federasiyası Tıva Respublikasının Kızıl şəhərinə gedib.

Müdafiə Nazirliyindən ÇıxışYolu.Com-a verilən məlumata görə, o, Müstəqil Dövlətlər Birliyi (MDB) iştirakçı-dövlətlərinin Müdafiə Nazirləri Şurasının iclasında iştirak edəcək. 

Müdafiə nazirləri tədbirdən əvvəl Tıvanın Aldan-Maadır milli muzeyini, “Asiyanın mərkəzi” adlı memarlıq kompleksini ziyarət edərək müxtəlif ekspozisiyalarla tanış olublar.

www.ÇıxışYolu.Com