1a6500de-c92e-457e-9f8c-3c90757c2e47.webp

Zakir Həsənov şərti sərhəddə revanşist qüvvələrin mümkün təxribatlarına hazır olmağı tapşırdı

Baxış sayı: 238 dəfə baxılıb.

Oktyabrın 12-də müdafiə naziri general-polkovnik Zakir Həsənovun rəhbərliyi
ilə Müdafiə Nazirliyində xidməti müşavirə keçirilib.

Cixisyolu.com xəbər verir ki, bu barədə Müdafiə Nazirliyindən məlumat verilib.

Bildirilib ki, videobağlantı formatında keçirilən müşavirəyə nazir müavinləri,
qoşun (qüvvə) növü komandanları və müavinləri, Əlahiddə Ümumqoşun Ordunun
rəhbər heyəti, baş idarə, idarə rəisləri, hərbi birlik və birləşmə
komandirləri, həmçinin Milli Müdafiə Universitetinin və tabeliyində olan xüsusi
təyinatlı təhsil müəssisələrinin rektorları cəlb olunub.

Əvvəlcə ümummilli lider Heydər Əliyevin, ölkəmizin ərazi bütövlüyü və
suverenliyi naminə şəhid olan soydaşlarımızın xatirəsi bir dəqiqəlik sükutla
yad edilib.

Giriş nitqi ilə çıxış edən müdafiə naziri Azərbaycan Respublikasının
Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı cənabİlham Əliyevin Azərbaycan
Ordusu qarşısında qoyduğu tapşırıqları çatdırıb.

Ali Baş Komandanın yeddinci çağırış Azərbaycan Respublikası Milli Məclisinin
ilk iclasında və digər çıxışlarında səsləndirdiyi fikirləri müşavirə
iştirakçılarının diqqətinə çatdıran müdafiə naziri hərbi gücümüzün və döyüş
imkanımızın artırılmasının, eləcə də peşəkar kadr hazırlığının başlıca
məqsədimiz olduğunu xüsusi vurğulayıb. Nazir qoşunların xidməti-döyüş
fəaliyyətində dövlət başçısının fikirlərindən irəli gələn tapşırıqların
icrasının daim diqqət mərkəzində saxlanmasının əhəmiyyətini qeyd edib.

Müşavirədə şərti sərhəddə əməliyyat şəraiti və qoşunlarda bölmələrin gündəlik
fəaliyyəti təhlil edilib, mövcud vəziyyətlə bağlı məruzələr dinlənilib.

Müdafiə naziri qoşunların döyüş qabiliyyətinin daim yüksək səviyyədə
saxlanılması, ayıq-sayıqlığın artırılması, eləcə də revanşist qüvvələrin şərti
sərhəddə ehtimal olunan bütün təxribatlarına qarşı preventiv tədbirlərin
görülməsinə hazır olmaqla bağlı aidiyyəti üzrə konkret tapşırıqlar verib.

General-polkovnik Z.Həsənov cari ilin 24-26 sentyabr tarixlərində Bakı Ekspo
Mərkəzində keçirilən “ADEX” 5-ci Yubiley Azərbaycan Beynəlxalq Müdafiə
Sərgisinin təşkilatçılığını, ölkəmizdə və digər qabaqcıl dövlətlərdə istehsal
edilən müasir silah-texnika nümunələrinin stendlərdə nümayiş etdirilməsini
yüksək qiymətləndirib.

Azərbaycan Ordusunun arsenalına daxil edilən yeni silah, texnika və hava hücum
vasitələrinin imkanlarının, düzgün istismarının, həmçinin gecə və gündüz
şəraitində effektiv döyüş tətbiqinin keçirilən təlimlərdə dərindən
öyrənilməsinin əsas tələblərdən biri olduğu müşavirə iştirakçılarının nəzərinə
çatdırılıb.

Hərbi hissələrdə qoşun xidmətinin effektiv təşkili, digər dövlət qurumları ilə
qarşılıqlı fəaliyyətdə ərazilərimizin mina və partlamamış döyüş sursatlarından
təmizlənməsi, kəskin relyef və sərt iqlim şəraitində yerləşən mövqelərin
mühəndis-istehkam cəhətdən yaxşılaşdırılmasının, təminat yollarının daim işlək
vəziyyətdə saxlanılmasının vacibliyi vurğulanıb.

Dövlət rəhbərliyinin diqqət və qayğısı nəticəsində hərbi qulluqçuların
sosial-məişət şəraitinin və mənəvi-psixoloji vəziyyətinin yüksək səviyyədə
olduğunu qeyd edən nazir, xüsusilə qış dövründə bölmələrin maddi-texniki və
tibb təminatı məsələlərinə diqqət yetirilməsinin zəruriliyini bildirib.

Sonda mütəmadi olaraq müxtəlif mövzularda maarifləndirici tədbirlərin
keçirilməsi, şəxsi heyət tərəfindən təhlükəsizlik və nizam-intizam qaydalarına
riayət edilməsi, təlim-tədris və təhsil prosesində keyfiyyət göstəricilərinin
nəzarətdə saxlanılması barədə əlavə göstərişlər verilib.

Source link