Azərbaycanın müdafiə naziri general-polkovnik Zakir Həsənov Slovakiya Baş
nazirinin müavini və müdafiə naziri Robert Kalinakın dəvəti ilə bu ölkədə rəsmi
səfərdədir.
Cixisyolu.com xəbər verir ki, bu barədə Azərbaycanın Müdafiə Nazirliyindən məlumat
verilib.
Bildirilib ki, səfər çərçivəsində general-polkovnik Z.Həsənov “Slavin – İkinci
Dünya Müharibəsi abidəsi”ni ziyarət edib. Abidə önünə əklil qoyaraq həlak
olanların xatirələrinə ehtiram nümayiş etdirib.
Bratislava şəhərində Azərbaycan müdafiə naziri slovakiyalı həmkarı ilə görüşüb.
Görüşdən əvvəl təşkil edilən rəsmi qarşılanma mərasimində müdafiə nazirləri
fəxri qarovulun önündən keçiblər. Nümunəvi hərbi orkestrin müşayiəti ilə hər
iki ölkənin Dövlət himnləri səsləndirilib.
Görüşdə Azərbaycan ilə Slovakiya arasında hərbi əməkdaşlığın cari vəziyyəti
barədə ətraflı fikir mübadiləsi aparılıb, qarşılıqlı səfərlərin əhəmiyyəti
vurğulanıb.
Tərəflər, həmçinin hərbi, hərbi-texniki əməkdaşlığın inkişaf perspektivlərini
müzakirə ediblər.