7ff0c7a6-2d60-4046-b114-92650e52979f..jpg

Zakir Həsənov: “Türkiyə ilə digər sahələrdə olduğu kimi, hərbi təhsil sahəsində də əməkdaşlıq vacibdir” – FOTO

Baxış sayı: 416 dəfə baxılıb.

Zakir Həsənov: “Türkiyə ilə digər sahələrdə olduğu kimi, hərbi təhsil
sahəsində də əməkdaşlıq vacibdir” – FOTO
Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Azərbaycan Respublikasının müdafiə naziri general-polkovnik Zakir Həsənovun
rəhbərlik etdiyi nümayəndə heyəti Türkiyə Respublikasına rəsmi səfəri
çərçivəsində qardaş ölkənin Milli Müdafiə Universitetini ziyarət edib.

Bu barədə Azərbaycan Müdafiə Nazirliyindən bildirilib.

Müdafiə naziri fəxri qarovulun önündən keçib, universitetin xatirə kitabına
ürək sözlərini yazıb.

Türkiyə Respublikası Milli Müdafiə Universitetinin rektoru, professor Erhan
Afyoncu Azərbaycan nümayəndə heyətini salamlayaraq onlara təhsil müəssisəsinin
yaranma tarixi, təhsil sistemi və tədris prosesi barədə məlumat verib.

General-polkovnik Z.Həsənov Türkiyə ilə digər sahələrdə olduğu kimi, hərbi
təhsil sahəsində də əməkdaşlığın və qarşılıqlı təcrübə mübadiləsinin
əhəmiyyətini vurğulayıb.

Nümayəndə heyətlərinin iştirakı ilə geniş tərkibdə keçirilən görüşdə birgə
əməkdaşlıq çərçivəsində hərbi təhsilin daha da genişləndirilməsi, eləcə də
qarşılıqlı maraq doğuran bir sıra mövzular ətrafında müzakirələr aparılıb.

Sonra müdafiə naziri Milli Müdafiə Universitetinin tabeliyində olan təhsil
müəssisələrində təhsil alan hərbi qulluqçularla görüşüb, onların hazırlıq
səviyyəsi ilə maraqlanıb və öz tövsiyələrini verib.

General-polkovnik Z.Həsənov ölkəmizdə ordu quruculuğu istiqamətində həyata
keçirilən islahatlardan, Türkiyə Respublikası Silahlı Qüvvələri modelinin
Azərbaycan Ordusunda tətbiq edilməsindən danışıb.

Müdafiə naziri burada təhsil alan azərbaycanlı kursantların özlərini müasir
dövrün tələblərinə uyğun kadr kimi formalaşdıracaqlarına, tədris müddətində
əldə etdikləri bilik və təcrübələri hərbi təhsil ocağını uğurla başa vurduqdan
və Vətənə qayıtdıqdan sonra Azərbaycan Ordusunun daha da güclənməsi naminə
tətbiq edəcəklərinə əmin olduğunu vurğulayıb.

General-polkovnik Z.Həsənovun rəhbərlik etdiyi nümayəndə heyətinin qardaş
ölkəyə rəsmi səfəri davam edir.

Source link