Zamanı qabaqlayan rejissor Hüseynağa Atakişiyev: “Hamıya atalıq qayğısı
göstərirdi” – FOTO
Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz
“Azərbaycan teatr və kinosu onun simasında böyük bir aktyor və rejissoru,
sənət fədaisini itirdi…”
Sənət dostları, teatr və kinosevərlər Hüseynağa Atakişiyev haqqında söhbət
düşəndə sevgi və hörmətlərini belə ifadə edirlər. Görkəmli sənətkarın aprelin
9-da qeyd ediləcək xatirə günü ilə bağlı sənət dostlarının ürək sözlərinə “Sağ
olun ki, onu yad edirsiniz…” minnətdarlığı da qarışır…
“Kaspi”
qəzeti mövzu ilə bağlı məqalə dərc edib.
“Bizi birləşdirən çox şeylər vardı…”
Xalq artisti, tanınmış rejissor Ramiz Həsənoğlunun Hüseynağa Atakişiyevlə
tanışlığı Şəki Dram Teatrından başlayıb:
“O , Şəki Teatrında işləyirdi, mən də işlərimlə əlaqədar oraya gedib-gəlirdim.
1979-cu ildə Ruhəngiz Qasımovanın “Yollar görüşəndə” əsərinin televiziya
tamaşasını çəkmişdim. Hüseynağa tamaşanı çox bəyənmişdi. Səfərlərimin birində o
tamaşa haqqında mənə çox yüksək fikirlər söylədi. Onun Şəkidə gördüyü işlər,
Avropaya, hətta uzaq Kubaya qastrolları, qazandığı uğurlar yadımdadır. Sonra
Hüseynağa Bakıya gəldi və burada işləməyə başladı”. R.Həsənoğlu həmkarının
rejissorluq fəaliyyəti haqqında danışır: “Bizi birləşdirən çox şeylər vardı.
Hüseynağa da Vaqif Səmədoğlu ilə əməkdaşlıq edirdi, mən də. 1988-ci ildə ilk
dəfə Vaqifin “Yaşıl eynəkli adam” əsəri əsasında hazırladığım televiziya
tamaşasının premyerası oldu. Yadımdadır ki, Vaqif o əsərdən sonra “mən iki
rejissorla əməkdaşlıq edəndə rahatam. Biri Hüseynağadır, biri sənsən”, – dedi.
Hüseynağanın rejissorluq təhsili yox idi. Aktyorluqdan gələn rejissor idi. Belə
rejissorların çoxunun uğurlu fəaliyyəti olur”.
1993-cü ildə “Sabah” Yaradıcılıq Birliyi yarananda ilk teletamaşa kimi “Ac
həriflər” çəkilib:
“Hüseynağa o tamaşada aktyorlardan birinin rolunda Cahangir Novruzovla
tərəf-müqabil idi. Mənə elə gəlir ki, onun rolu da yetərincə uğurlu bir iş idi.
Sonra Hüseynağa “Sabah”da rejissor kimi fəaliyyət göstərdi. Bu studiyada Nazim
Hikmətin əsərinə quruluş verdi. Daha sonra Vaqif Əsədov “Sabah”da onu aktyor
kimi baş rola dəvət etdi. Nəhayət, 1998-ci ildə mən Hüseynağanı “Fatehlərin
divanı”nda İldırım Bəyazid rolunda çəkdim. Onun rolu çox uğurlu alınmışdı.
Tamaşada iki gözəl sənətkarı – Hüseynağa Atakişiyevlə Fuad Poladovu
üzləşdirdim. Bəlkə də heç bir yerdə onların sənət görüşü olmayıb. Çox məmnunam
ki, bu iki aktyoru həmin əsərdə görüşdürdüm. Hüseynağa mənim üçün əziz adam
idi. Rəhmətlik anam Ətayə xanım da onun xətrini çox istəyirdi. Anamın teatrda
son işi Hüseynağanın quruluş verdiyi Vaqif Səmədoğlunun “Yayda qartopu” adlı
əsərində baş rol oldu”.
“Hamıya atalıq qayğısı göstərirdi”
Əməkdar artist Sərvər Əliyev isə Hüseynağa Atakişiyevlə son nəfəsinə qədər bir
yerdə çalışıb:
“Təkcə rejissor-aktyor kimi birlikdə işləmədik, mən bir dostla, qayğıkeş
insanla birgə çalışdım. Belə insan və teatr rəhbəri görməmişəm. O, teatr
işçilərinin hamısının – işıqçıdan, qapıçıdan tutmuş aktyora qədər hər kəsin
qayğısına qalırdı. Prezident təqaüdü alırdı. Pulu alan gün aktyorları ətrafına
toplayır, onlara qonaqlıq verirdi. Kimin özünün və ya uşağının ad günü idisə,
ona hədiyyə alırdı”.
S.Əliyev mərhum rejissorun yüksək insani keyfiyyətini səciyyələndirən bir
xatirəsini də danışıb:
“O vaxt çətin dövr idi. Aktyorlar dolanışıq üçün el şənliklərinə gedirdilər.
Teatrda tamaşaların cədvəli əvvəlcədən asılırdı və aktyorlar tanış olub, həmin
tarixdə toya getmirdilər. Aktyorlardan biri yaxınlaşıb “məni filan tarixdə toya
çağırıblar, yaxşı da pul verirlər. Müəllimdən necə soruşaq, o tamaşanın bileti
satılıb, yoxsa yox”, – deyə maraqlandı. Gedib vəziyyəti Hüseynağa müəllimə
danışdım. Administratoru yanına çağırıb biletlərin satılıb-satılmaması ilə
maraqlandı. Biləndə ki, hələ biletlər satılmayıb, “tamaşanın vaxtını dəyişin,
filan aktyora toy düşüb, qoy getsin uşağının çörəkpulunu qazansın” dedi.
Qastrol səfərlərinə gedəndə də hamıya atalıq qayğısı göstərirdi”. S.Əliyev
deyir ki, Hüseynağa Atakişiyev teatrı həyatı qədər sevib, ömrünü bütünlüklə bu
peşəyə həsr edib: “Rejissor mütləq zamanı qabaqlamalıdır”, – deyirdi. O, zamanı
qabaqlayan rejissor idi. Bilirdi ki, “Hamlet”i, “Maqbet”i, “Aldanmış kəvakib”i
və s. tamaşaları nə vaxt qoymaq lazımdır. Aktyorluğuna gəlincə, rejissor aktyor
sənətini yaxşı bilməlidir ki, aktyorla işləyə bilsin. O, bunu çox gözəl
bacarırdı. Hüseynağa müəllimin necə bir aktyor olduğunu bilmək üçünsə Üzeyir
bəy rolunu oynadığı “Uzun ömrün akkordları” filminə, “Ac həriflər”ə,
“Fatehlərin divanı”na baxmaq lazımdır. O, əvəzolunmaz aktyor idi”.
“Teatrda hamı ona “müəllim” deyə müraciət edirdi”
Aktrisa Hüsniyyə Əhmədova institutu bitirəndən Hüseynağa Atakişiyevin
yaradıcısı və rəhbəri olduğu Azərbaycan Dövlət Gənclər Teatrında çalışıb.
Hüseynağa Atakişiyev onun yaddaşında böyük hərflərlə yazılan müəllim kimi qalıb:
“İnstitutun üçüncü kursunda oxuyanda teatrda bir aktrisa xəstələnmişdi. Gülşad
xanım məni teatra dəvət etdi ki, bir dəfə həmin aktrisanın yerinə məşqsiz
səhnəyə çıxım. Bu, mənim teatrda ilk işim olacaqdı. Çox həyəcanlı idim. Tamaşa
mütləq oynanmalı idi. Çünki biletlər satılmışdı. Tamaşada canlı musiqi ifası da
vardı. Mən rolumu oynadım və səhnədən çıxanda müəllimin səhnənin kənarında
qaldığını gördüm. Mənə baxıb gülümsədi, həyəcanımı hiss elədi. Elə düşündüm ki,
zəif oynamışam. Səhəri gün məni teatra çağırdılar, şəxsi işimə yazılmaqla
təşəkkürnamə verildi. Bu, mənə çox böyük ümid verdi. Həmin il bir neçə tələbə
Gənclər Teatrına təyinat aldıq”. H.Əhmədova Hüseynağa Atakişiyevi gənclərin
hamisi kimi xatırlayır: “Hüseynağa müəllimin böyük ürəyi vardı. Teatrda hamı
ona “müəllim” deyə müraciət edirdi. Çünki o, özü bir məktəb idi. Özümü xoşbəxt
sayıram ki, onun yaratdığı teatrda işləmişəm. Heyf ki, biz onu çox tez itirdik.
Çoxlu arzuları vardı, yeni tamaşalar qurmaq istəyirdi. Azərbaycan teatr və
kinosu onun simasında böyük bir sənət fədaisini itirdi”.