445b4414-b21b-4a3b-a7dc-25dd096c13aa..jpg

“Zaqatala”nın baş məşqçisi: “Uşaq həmin dərmanları bilmədən içib”

Baxış sayı: 675 dəfə baxılıb.

“Zaqatala”nın baş məşqçisi: “Uşaq həmin dərmanları bilmədən içib”

Bir neçə gün öncə “Zaqatala”nın futbolçusu Mahmud Məmmədovun futboldan iki il
müddətinə uzaqlaşdırıldığı açıqlanıb. Ötən ilin dekabrında Azərbaycan Milli
Antidopinq İntizam Komitəsinin (AMAİK) qəbul etdiyi qərara əsasən, Antidopinq
Qaydalarının 2.1-ci və 2.2-ci maddələri ilə nəzərdə tutulmuş qayda
pozuntularını törətmiş hesab edilə futbolçunun diskvalifikasiya olunduğu
bildirilib. Buna səbəb kimi ötən il Birinci Divizionunun “Neftçi-2” –
“Zaqatala” matçında meydana çıxan futbolçudan götürülən nümunələrdə qadağan
edilmiş maddənin aşkar edildiyi göstərilib.

Bəs bu necə baş verib? Futbolçu həqiqətənmi antidopinq qaydalarını bilərəkdən
pozub?

Məsələ ilə bağlı “Zaqatala”nın baş məşqçisi Rüstəm Məmmədov “Qaynarinfo”ya
açıqlama verib. O, futbolçunun bilərəkdən dopinq qəbul etmədiyini, AMADA-nın da
antidopinq qaydaları ilə bağlı klubu vaxtında təlimatlandırmadığını deyib:

“Əslində bu, çoxdanın söhbətidir, niyə indi ortaya çıxıb, bilmirəm. Artıq
ilyarımdır bu hadisə olub. Yəni keçən mövsümdən bu uşaq futbol oynamır. Məsələ
necə olub? Bu uşağın ürəyində problem vardı. Düzdür, onun futbol oynamasına elə
də böyük təsir etmirdi, sadəcə, bir az narahatlıq keçirirdi, məsələn, təngnəfəs
olurdu. “Qarabağ”ın əvəzedicilərində oynayan zaman tibbi yoxlamalardan keçəndə
də ürəyində problem olduğu görünürdü. Ürəyi tez-tez döyünürdü. Problemlə bağlı
müəyyən müalicələr aparırdılar, ciddi nəsə yox idi. Biz də buna görə narahatlıq
keçirdik, həkimə göndərdik. Ürəyi tomoqrafiya edildi, exokardioqrafiya
çıxardılar. Məlum oldu ki, ürəyinin klapanında kiçik qatlanma var. Bu da
aritmiya yaradırdı. Dedilər, iki yol var, ya müəyyən dərmanlar vasitəsilə
müalicə olunmalı, ya da əməliyyat edilməlidir. Zaqatala xəstəxanasında həkim
normal dərmanlar yazdı. Uşaq içdi, ancaq elə də böyük fərq yoxdur. Dərmanların
effekti olmadığı üçün mikroəməliyyat edilməli idi. Bu da yay fasiləsində
nəzərdə tutulmuşdu. Amma heç mövsüm bitməmiş yoxladılar və bildirdilər ki,
futbolçuda qadağan olunmuş maddə aşkarlanıb”.

Məmmədov AMADA-nın klubu qadağan olunmuş maddələrlə bağlı
məlumatlandırmadıqlarını bildirib:

“Bunun üstünə düşdük, bizi təlimatlandırmadıqlarını dedik. Hansı maddələrdən,
dərmanlardan istifadənin qadağan olması ilə bağlı məlumatımız yoxdur. Digər
tərəfdən həmin dərmanları həkim yazıb, kardioqrafiya çıxarıb. Qısası,
etirazımızı bildirdik, ürək sistemindəki problemlərlə bağlı bütün lazımi
sənədləri qaydasına salıb, faktları məhkəməyə təqdim etdik. Özləri də uşağı
həkim müayinəsinə göndərdilər və həqiqətən problemin olduğunu gördülər. Buna
baxmayaraq, dərmanları içməməli olduğunu dedilər. Halbuki uşaq həmin dərmanları
bilmədən içib. Apellyasiya şikayəti verdik və cəzanı dörd ildən iki ilə
endirdilər. Yenə də razılaşmadıq. Çünki burada nə uşağın, nə də klubun günahı
var. Təkrar apellyasiya müraciəti verməyə çalışsaq da, buna şərait
yaratmadılar. Bildirdilər ki, AMADA Səhiyyə Nazirliyinə tabe olub. Nə zaman
adam təyin olunsa, o zaman təkrar məhkəmə keçirə biləcəklərini söylədilər.
Halbuki dərmanlar açıq şəkildə apteklərdə satılır və insanlar alıb qəbul edir.
Qısası, Dünya Antidopinq Agentliyinin (WADA) qaydalarına əsaslandıqlarını
deyib, müraciətimizi qəbul etmədilər. İkinci dəfə məhkəməyə müraciət etmək
istəyirik, vəkillə danışırıq, “bu gün, sabah” deyə-deyə uzadırlar. Artıq cəza
müddətinin bitməsinə də az qalıb. Heç nə edə bilmədiklərini deyə-deyə məsələni
uzatdılar”.

Məşqçi cəzaya görə futboldan kənarda qalan Mahmuda bacardıqları qədər dəstək
verəcəklərini də deyib:

“Uşağın klubla müqaviləsi vardı. Ona lazımi dəstəyimizi verdik. Cəza müddəti
bitdikdən sonra onu yenidən komandamıza dəvət edəcəyik. Futboldan kənarda
qaldığı müddətdə maddi cəhətdən itirdiklərini kompensasiya edəcəyik. Futbolçu
kimi yaxşı idi, milliyə də dəvət alırdı. Qayıtdıqdan sonra dəstək olacağıq ki,
bizimlə davam etsin. Əslində, onu komandaya dəvət etmək, məşqlərinə qoşulmasını
istəyirik. Sadəcə, cəzası olduğuna görə buna icazəmiz yoxdur. Yəni rəsmi
şəkildə onu götürsək, AMADA bizi klub olaraq cəzalandıra bilər. Ona görə də
əlimizdən heç nə gəlmir. Özünə də demişik ki, səbirli olsun, cəzası bitən kimi,
itirdiyi vaxtı, maddiyyatı kompensasiya edəcəyik. Uşağa bacardığımız qədər
dəstək verəcəyik”.

Source link