64e683c0-dcb5-4336-a157-8d64eded9372..jpg

“Zaqreb Open”: Son gündə Azərbaycanın daha 10 yunan-Roma güləşçisi mübarizəyə qoşulacaq

Baxış sayı: 844 dəfə baxılıb.

“Zaqreb Open”: Son gündə Azərbaycanın daha 10 yunan-Roma güləşçisi mübarizəyə
qoşulacaq

Xorvatiyada keçirilən “Zaqreb Open”in son günündə Azərbaycanın daha 10
yunan-Roma güləşçisi mübarizəyə qoşulacaq.

Cixisyolu.com xəbər verir ki, 60 kq çəkidə iki güləşçi yarışacaq.

1/16 finaldan mübarizəyə qoşulacaq Nihat Məmmədli litvalı Custas Petraviçyusu
sınağa çəkəcək. Bu cütün qalibi növbəti raundda Murad Məmmədovun rəqibi olacaq.

Ülvü Qənizadə 70 kq-ın 1/16 finalında çexiyalı Yiri Kapeklə münasibətlərinə
aydınlıq gətirəcək. Ülvi bu sınaqdan üzüağ çıxsa, 1/8 finalda Mateuş Bernateklə
(Polşa) üz-üzə gələcək.

Azərbaycan millisini 82 kq-da təmsil edən Tuncay Vəzirzadə 1/4 finalda
çexiyalı İvo Sviqlerə rəqib olmaq üçün əvvəlcə İran təmsilçisi Peyman Postamı
üstələməlidir.

97 və 130 kq çəki dərəcələrinin hər birində yığma 3 pəhləvanla təmsil
olunacaq. 97 kq-da Zamir Maqomedov və Murat Lokyayev 1/16 finalda müvafiq
olaraq Mindauqas Vençkaitis (Litva) və Kiril Milovla (Bolqarıstan)
qarşılaşacaqlar. Arif Niftullayev isə 1/8 finalda rəqibini gözləyir. O, Gerard
Kurniçzak (Polşa) – Lukas Şeridan (ABŞ) cütünün qalibinə rəqib olacaq.

130 kq çəkidəki güləşçilərdən Sabah Şəriəti 1/8 finala adlamaq üçün italiyalı
Danila Sotnikova qalib gəlməlidir. 1/8 finaldan yarışa qoşulacaq Beka Kandelaki
İsveçrə təmsilçisi Delian Alişahi ilə görüşəcək. Sərxan Məmmədov isə Dariuş
Vitek (Macarıstan) – Linze Menq (Çin) cütünün qalibini gözləyir.

Qeyd edək ki, daha əvvəl sərbəst güləşçilərdən Əliabbas Rzazadə (57 kq) qızıl,
Hacı Əliyev (70 kq) və Georgi Meşvildişvili (125 kq) gümüş, Cəbrayıl Qadjiyev
(74 kq), Əli Rəhimzadə (65 kq), Xadjimurad Qadjiyev (70 kq), Osman Nurmaqomedov
(92 kq), Maqomedxan Maqomedov (97 kq) bürünc medal əldə ediblər. Qadınlardan
Alyona Kolesnik (59 kq) bürünc medala sahib çıxıb. Yunan-Roma güləşçisi Taleh
Məmmədov (63 kq) isə qızıl medala sahib çıxıb.

Source link