Bu yaxınlarda “CinemaPlus” kinoteatrlar şəbəkəsinin Müşahidə Şurasının üzvü və Biznesin inkişafı departamentinin direktoru Zaur Darabzadə “Instagram” səhifəsində maraqlı paylaşım edib.
Paylaşımda qeyd olunur ki, “CinemaPlus” kinoteatlarlarında (Gənclik Mall, Azərbaycan, Amburan Mall, Gəncə Mall) fiziki məhdudiyyətli insanlar üçün zallarda xüsusi yerlər ayrılıb.
Zaur Darabzadə bildirib ki, xarici ölkələrdə olanda hər bir ictimai yerdə fiziki məhdudiyyətli insanları görüb və düşünüb ki, Azərbaycanda fiziki məhdudiyyətli insanlar az olduğu üçün ictimai yerlərdə onları görmək nadir haldır.
Bu məsələyə daha diqqətli fikir verdikdən sonra anlayıb ki, ölkəmizin bir çox ictimai yerində onlar üçün şərait yoxdur. Dünyanın bir çox yerində fiziki məhdudiyyətli insanlar üçün xüsusi şərait yaradılır.
“CinemaPlus” kinoteatlar şəbəkəsi öz növbəsində, girişlərdə olan pilləkənlər düz dəhlizlə əvəz edib, kino zallarda xüsusi yerlər ayırıb. “CinemaPlus Azərbaycan” filialında isə xüsusi liftlər quraşdırılıb. Bundan əlavə, kinoteatrların növbətçi administratorları hər zaman kömək göstərməyə hazırdırlar.