0ae3d282-e979-49a8-a715-b8b0d38025c8..jpg

Zelenskinin Avropa turnesi: “X” anı üçün qorxu – TƏHLİL + FOTO

Baxış sayı: 747 dəfə baxılıb.

Zelenskinin Avropa turnesi: “X” anı üçün qorxu – TƏHLİL + FOTO

Ukrayna Prezidenti Volodimir Zelenskinin Avropa turnesinə çıxması ölkənin
hərbi aktivlərinin alternativ axtarışlarla canlandırılmasına xidmət edir.

Ukraynanın oktyabr ayında qazandığı ərazi nailiyyətinin davamının gəlməməsi,
Rusiyanın Donetskdə hücumlarını davam etdirməsi Kiyevin taleyini sual altında
saxlayır. Bu azmış kimi, Rusiyanın yeni irimiqyaslı hücuma hazırlaşdığı
iddiaları informasiya məkanlarının “bəzəyi”nə çevrilir.

Zelenski isə inadkar qamətini göstərməkdə israrlıdır – Ukrayna qalib
gəlməlidir.

Zelenski müharibənin elə yekunlaşmasını istəyir ki, Ukraynanın ərazi bütövlüyü
bərpa edilsin, yəni o, 2022-ci ilin 24 fevralına qədərki vəziyyətlə barışmayan
xəttə sadiqliyini göstərir.

Bu sadiqlik döyüş meydanında praktiki nəticələrlə yekunlaşmalıdır, təbii ki,
hər şeyin tempi normal və axarında olsa.

Zelenskinin Böyük Britaniyaya, ardınca Fransaya səfəri Ukrayna üçün
çətinliklərin artdığı vaxta təsadüf edir.

Ukraynanın cəbhədə taktiki irəliləyiş əldə edə bilməməsini ölkənin
hərbi-siyasi kuluarlarındakı böhran müşayiət edir.

İstefalar, güc strukturlarındakı yerdəyişmələr buna bariz nümunədir, hərçənd
ki, Ukrayna daxildəki siyasi qalmaqalların döyüş meydanına təsir etməməsinə
çalışır.

Ukrayna lideri nail olunacaq məqsədlərin konturlarını dəqiqləşdirmək üçün
Londona və Parisə getdi.

Zelenski Britaniyanın Baş naziri Rişi Şunak, Fransada Prezident Emmanuel
Makron və Almaniya Kansleri Olaf Şoltsla görüşməklə Ukraynaya cəbhədə real
qələbə qazandıra biləcək silahların idxalına cəhdlər edir.

Zelenskinin Qərblə bağlı narahatlıqları da artır, o düşünür ki, NATO ölkələri
silah tədarükündən yorulub qırılma nöqtəsində Ukraynanı Rusiya ilə baş-başa
buraxa bilərlər.

Hərçənd ki, Britaniya Ukraynadakı müharibənin Rusiyanın çöküşü ilə
nəticələnməsini istəyən əsas oyunçudur. Onun çoxməqsədli hədəfləri var, niyyəti
“Böyük Britaniya-2030” strateji doktrinasının tələblərindən irəli gələn
öhdəliklərə sadiqlik göstərməkdir.

Böyük Britaniya Avropa İttifaqından çıxsa da, qoca qitənin təhlükəsizliyində
əsas zəmanətçidir və bufer zona kimi baxdığı regionun Rusiyanın çubuğu altında
idarə olunmasına qarşıdır.

Britaniya Avropanın təhlükəsizlik arxitekturası ilə Ukraynadakı müharibənin
nəticələri arasında əlaqə qurur, buna görə də o, Kiyevə yardım etmək
məcburiyyətindədir.

Britaniya Ukrayna hərbçilərinin hazırlanması üçün kömək öhdəliklərini icra
edir, lakin o, Kiyevə döyüş təyyarələrini verməkdən yayınır.

Zelenski eyni ricanı ABŞ və Fransaya da edir, lakin onlar Rusiyanın hərbi
eskalasiyanın sərhədlərini Ukraynanın hüdudlarından kənarda genişləndirmək
potensialından ehtiyatlanaraq Ukraynaya lazımi “qida”ları vermirlər.

Zelenski Fransa və Almaniyaya da gözünü dikib, məqsəd onları Rusiyanın
maraqlarına xidmət edən addımlardan çəkindirməkdir.

Zelenski Makron və Şoltsla görüşündə Fransa və Almaniyanın oyunu dəyişdirmək
potensialına malik olduğunu deməklə bir növ liderlərə söz atıb.

Almaniyanın Rusiyadan qorxuları haradasa başadüşüləndir, amma Zelenski ən çox
Fransanın oyunlarından təngə gəlib.

Ona görə ki, Fransa Avropa İttifaqında yeganə nüvə dövləti olsa da, o, Moskva
ilə isti münasibətləri bərk-bərk mühafizə edir.

Ümumilikdə Almaniya ilə Fransanın Ukraynanı dəstəkləməkdə çox ləng
davranmaları fərqli meyarlarla tənqidlərə layiqdir.

Zelenski Londonda və Parisdə isti qarşılansa da, bu, hələ Ukraynadakı Rusiya
hərarətini soyutmaq qabiliyyətində deyil.

Çünki Ukraynaya Rusiyanı döyüş meydanında geri oturda biləcək silahlar və
NATO-nun Moskvanın nüvə şantajlarına boyun əyməməsi lazımdır.

Düzü, NATO-nun Rusiyadan, Rusiyanın da Alyansdan qorxduğu məqamlar çoxdur,
amma bu qorxuları basdırmaq lazımdır ki, tərəflərdən birinin əlində fürsət
yaranmasın.

Bir-birilə rəqabətin əks uclarında dayanan Moskva və NATO-nu, əsasən, nüvə
məsələsi qorxudur. Qorxunun təsvirini belə cıza bilərik: Görəsən, “X” anında,
yəni nüvə silahı atılsa, bunun qarşılığı necə verilməlidir?

İkinci qorxu da NATO-nun sinirlərini qıcıqlandırır. Görəsən, Rusiya Ukraynada
məğlubiyyətə uğrasa, Avropanın hansı nöqtələrini qaynadacaq?

Suallar saysız, cavablar isə çoxmənalıdır…

Aqşin Kərimov

Source link