Zelenskinin Qarabağ barədə açıqlamasından sonra Fransada Ukrayna bayrağı
endirildi
Fransanın cənub-şərqində yerləşən Vyana şəhərinin (İzer departamenti)
hakimiyyəti meriya binasının fasadından Ukrayna bayrağının götürülməsinə qərar
verib.
Buna səbəb Ukrayna Prezidenti Volodimir Zelenskinin Azərbaycan Prezidenti
İlham Əliyevlə telefon danışığından sonra Ermənistan və Qarabağla bağlı
söylədiyi sözlər olub.
Meriyadan bildirilib ki, bayrağın götürülməsi barədə qərar məlum telefon
danışığından sonra Zelenskinin verdiyi bəyanatlarla əlaqədar qəbul edilib.
Ukrayna prezidentinin İlham Əliyevlə söhbətində dövlətlərin suverenliyi və
ərazi bütövlüyü prinsiplərinə sadiqliyi ilə bağlı son bəyanatları buna
səbəbiyyət verib.
Xatırladaq ki, Zelenski öz “Telegram” kanalında oktyabrın 4-də İlham Əliyevlə
regional təhlükəsizlik, mövcud çağırışlar və qarşılıqlı fəaliyyət formatlarını
müzakirə etdiyini bildirib.
“Biz dövlətlərin suverenliyi və ərazi bütövlüyü prinsiplərinə sadiqliyimizi
təsdiqlədik”, – deyə Volodimir Zelenski qeyd edib.
Məlumata görə, Ukrayna bayrağı 2022-ci ilin fevralında Vyana meriyası
binasının fasadında asılmışdı.
Mənbə: “Le Dauphine Libere”