“Zenit”in baş məşqçisi: “Azərbaycana həmişə böyük məmnuniyyətlə gəlirəm”
Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz
“Azərbaycana həmişə böyük məmnuniyyətlə gəlirəm”.
“Report”un məlumatına görə, bunu Rusiyanın “Zenit” klubunun baş məşqçisi
Sergey Semak “Neftçi”yə 1:2 hesabı ilə məğlub olduqları yoxlama görüşündən
sonra mətbuat konfransında deyib.
“Neftçi Arena”da baş tutan matçn ardından 47 yaşlı mütəxəssis təəssüratlarını
bölüşüb: “Çox xoş ab-hava var idi. Azərbaycana səfər etdiyimiz, görüşün
təşkilatçılığına görə, “Neftçi” rəhbərliyinə təşəkkür edirəm. Yaxşı mübariz
oyun oldu. Hər şeydən razı qaldıq. Oyun praktikası az olanlar və gənclər bu
matçda iştirak etmək imkanı qazandılar”.
O, “Neftçi”nin rusiyalı futbolçusu Reziuan Mirzovun görüşdə dubl etməsinə
münasibət bildirib: “İkinci qol çox gözəl alındı. Buna görə, Reziuanı təbrik
edirəm. Gənc futbolçularımız həmin anda bunun qarşısını ala bilmədilər”.
19 il əvvəl Bakıya futbolçu kimi gəldiyini xatırlayan rusiyalı mütəxəssis
Ruslan Abışovun vida matçına çıxması ilə bağlı da danışıb: “Ruslan Abışovun
qolları və məhsuldar ötürmələri keyfiyyətli olub. Bunlar azarkeşlərin
xatirəsində yadda qalacaq”.
Çalışdırıcı “Neftçi”nin güclü tərəflərindən də bəhs edib: “Neftçi” ötən mövsüm
Azərbaycan Premyer Liqasında 3-cü yeri tutub. Azərbaycanın ən populyar
klublarından biridir. “Neftçi” və “Qarabağ” çox güclü klublardır. Digər klublar
da güclənir. Azərbaycan millisinin son nəticələri ölkə futbolunun inkişafından
xəbər verir. Bizdə və Azərbaycanda legioner baxımından qaydalar oxşardır.
“Neftçi” ambisiyalı, güclü komandadır, avrokuboklarda çıxış edir. Belə
klublarla əməkdaşlıq etmək bizim üçün xoşdur”.
O, Rusiya və Azərbaycan klublarının yay fasiləsində beynəlxalq turnirdə üz-üzə
gəlmələri ideyasını dəstəkləyib: “Sparrinq baxımından belə hazırlıq matçları
müsbət olar. “Match TV” Kuboku da bunun üçün təşkil olunmuşdu. Azərbaycan
klubları ilə qarşılaşmaq bizim üçün maraqlı olar”.