Zibillik poliqonuna çevrilən təbii sərvətimiz: Ağdamdakı İstisu niyə
təmizlənmir? – FOTO
Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz
Ağdamda İstisu adlanan yer rayonun Mirəşelli kəndi ərazisində yerləşir. Burada
qaynar duzlu su fontan verir. Sakinlər suyun müalicəvi əhəmiyyətinə inanır,
hətta dəri xəstəliklərinin müalicəsinə faydası dəydiyini də deyirlər. Buna görə
də, sakinlər vaxtaşırı bura gəlib yaranmış gölməçələrdə yuyunur və özləri ilə
su da götürürlər.
Fontanın ətrafında vəziyyət heç də ürəkaçan deyil
Belə ki, quyunun ərazisində yerləşən zibil poliqonuna atılan tullantılar su
ilə qarışıb. Bu səbəbdən su nəinki müalicə üçün yararlıdır, əksinə, əlavə
xəstəliklərə yol açır desək, yanılmarıq. Quyudan qaynayan su uşaq bezi, köhnə
paltarlar və digər qida tullantılarının içərisindən süzülərək gölməçələrə
tökülür.
Kəndin ərazi nümayəndəsi Məhərrəm Quliyev fontanın ətrafında uzun illərdir
zibilliyin olmasını təsdiqləyib. O, bildirib ki, burada geoloji kəşfiyyat
işləri aparılmamışdan əvvəl də zibil poliqonu mövcud olub. İndi olduğu kimi
insanlar qoşqularla, arabalarla öz tullantılarını bura töküblər:
“Təxminən 1986-87-ci illərdə neft axtarmaq məqsədilə kənd ərazisində iki belə
quyu qazılıb. Hər ikisindən qaynar duzlu su çıxıb. Sonralar quyunun biri
doldurulsa da, sözügedən quyuda fontanın təzyiqi güclü olduğu üçün dəmir qurğu
ilə quyunun ağzı bağlanıb”.
Ərazilərin çirkabdan təmizlənməsi məsələsinə gəldikdə isə kənd rəsmisi
M.Quliyev sözügedən ərazinin bələdiyyənin balansında olduğunu diqqətə çatdırıb.
Bütün bunlar vəsait tələb edir
Kəndin bələdiyyə sədri Fəxrəddin Allahverdiyev də mövcud vəziyyətdən xəbərdar
olduğunu bildirib. Lakin ərazidən zibilin daşınması üçün heç bir vəsaitin
olmadığını deyib və qeyd edib ki, bura qanuni zibil poliqonu deyil:
“Oranın təmizlənib daşınması üçün ekskavator, yük maşınları və işçilər
lazımdır. Bizdə isə tələb olunan qədər vəsait yoxdur”, – deyə sədr əlavə edib.
Uzun illərdir həllini tapmayan problem maddi-texniki vəsaitdən asılıdır.
İstisunu təbii sərvət hesab etmək olar. Ona görə də, ərazinin tullantılardan
təmizlənməsi xüsusi əhəmiyyət kəsb edir.
Ümid edirik ki, İstisunun ərazisi yaxın vaxtlarda tullantılardan təmizlənəcək.