8d05216e-12a6-440b-83f9-dee1c2974781..jpg

Zığ gölünün bərpası niyə yubanır? – FOTO

Baxış sayı: 384 dəfə baxılıb.

Zığ gölünün bərpası niyə yubanır? – FOTO

Zığ gölünün bərpası, mühafizəsi və ondan istifadə sahəsində idarəetmənin
təkmilləşdirilməsi məqsədi ilə Prezidentİlham Əliyev 15 oktyabr 2014-cü il
tarixdə sərəncam imzalayıb. Həmin sərəncamla bu məsələ ilə bağlı idarəetmə
Ekologiya və Təbii Sərvətlər, keçmiş İqtisadiyyat və Sənaye nazirliklərinə
həvalə edilib.

“Kaspi”

qəzeti mövzu ilə bağlı məqalə dərc edib.

Ekologiya və Təbii Sərvətlər Nazirliyinə (ETSN) gölün bərpası, onun mühafizə
zonasının istehsalat və məişət tullantılarından təmizlənməsi, mühafizəsi,
ekoloji vəziyyətinin yaxşılaşdırılması, gələcəkdə ondan səmərəli istifadəni
təmin etməsi, habelə gölün qorunub saxlanılmasına nəzarəti həyata keçirmək
tapşırılıb. “Azərsu” Açıq Səhmdar Cəmiyyətinə isə gölün mühafizə zonasına
tullantı sularının təmizlənmədən axıdılmasının qarşısını almaq üçün zəruri
tədbirlər görmək həvalə olunub. Bundan başqa, Bakı Şəhər İcra Hakimiyyətinə
tapşırılıb ki, gölün mühafizə zonasına istehsalat və məişət tullantıları
atılmasının, göl səthinin kiçilməsinə səbəb olan kənardan torpaq gətirilib
yayılmasının qarşısını alsın.

Bundan başqa, ölkə rəhbəri 15 oktyabr 2014-cü il tarixdə “Zığ gölünün ekoloji
vəziyyətinin yaxşılaşdırılması ilə bağlı tədbirlər haqqında” ikinci bir
sərəncam da imzalayıb. Mühəndislik və layihələndirmə işlərinin görülməsi, gölün
mühafizəsinin təşkili və ətraf mühitə təsirinin qiymətləndirilməsi sənədinin
hazırlanması məqsədi ilə Prezidentin Ehtiyat Fondundan İqtisadiyyat və Sənaye
Nazirliyinə ilkin olaraq iki milyon manat vəsait ayrılıb. Dövlət başçısının 21
fevral 2021-ci il tarixdə imzaladığı fərmana uyğun olaraq, İqtisadiyyat
Nazirliyi Zığ gölünə aid bütün sənədləri və məlumatları ETSN-ə təhvil verib.
Bununla da, Zığ gölündən istifadə və onun mühafizəsi sahəsində idarəetmə
sözügedən nazirliyə həvalə olunub.

Sərəncamların 2014-cü ildə imzalandığını nəzərə alsaq, Zığ gölünün bərpası
layihəsi başa çatdırılmalı, ərazidə müasir park, oyun və əyləncə meydançaları,
yaşıllıq zolaqları salınmalı idi. Lakin sərəncamın imzalanmasından 9 ilə yaxın
vaxt keçsə də, ortada bir iş yoxdur. Səbəb nədir? Bu suala cavab tapmaq üçün
sərəncamda adları qeyd olunan qurumlara sorğu ünvanladıq.

“Azərsu” ASC-nin Mətbuat Xidmətinin rəhbəri Anar Cəbrayıllı bildirdi ki,
sözügedən ərazidə layihə icra olunmayıb. Zığ gölünün ekoloji vəziyyətinin
sabitləşdirilməsi ilə bağlı layihələrin tam yekunlaşmadığını xatırladan
“Azərsu” sözçüsü vurğuladı ki, hələ də Zığ qəsəbəsinin bir hissəsinin tullantı
suları təmizlənmədən gölə axıdılır.

Bakı Şəhər İcra Hakimiyyətindən hər hansı məlumat öyrənə bilmədik.

ETSN-nin Xəzər Kompleks Ekoloji Monitorinq İdarəsinin rəisi Nazim Mahmudov isə
bildirdi ki, Prezidentin 25 fevral 2021-ci il tarixli fərmanından sonra nazir
müavini Vüqar Kərimovun rəhbərliyi altında geniş tərkibli işçi qrup yaradılıb,
Zığ gölündə monitorinq-tədqiqat işlərinin aparılması davam etdirilib.

Onun sözlərinə görə, işçi qrup tərəfindən gölün mövcud vəziyyəti, müdaxilələr,
burada mövcud olan neft və digər bərk tullantıların yerləşməsi, miqdarı və sair
məsələlər tam öyrənilib, təhlil olunub:

“Tədqiqat işlərinin ardınca gölün ilkin reabilitasiya ilə bağlı layihə
sənədlərinin hazırlanmasına başladıq. Layihə hazırda yekunlaşmaq
mərhələsindədir. Onun son tərtibatı Fövqəladə Hallar Nazirliyinin müvafiq
idarəsinə ekspertiza üçün təqdim olunub. Eyni zamanda, bu layihə Dövlət
Şəhərsalma və Arxitektura Komitəsinə də təqdim edilib. Hər iki dövlət
qurumundan icazə alındıqdan sonra layihənin icrası ilə bağlı dəqiq tarix demək
mümkün olacaq”.

İdarə rəisi söylədi ki, layihədə Zığ gölünün 120 hektarlıq su sahəsinin 40
hektar əraziyə qədər kiçildilməsi, ətrafda olan neftlə çirklənmiş ərazilərin
reabilitasiya olunması, neft və bərk tullantılardan təmizlənməsi nəzərdə
tutulub:

“Göl ətrafında təxminən 100 hektar ərazini əhatə edəcək yaşıllıq zolağı
salınacaq, ağaclar əkiləcək. Perspektivdə bu ərazidə kiçik və orta sahibkarlıq
subyektlərinin fəaliyyəti üçün şərait də yaradılacaq. Gölün qərb tərəfində
sosial evlərin tikilməsi üçün ərazinin ayrılması kimi planlar da var. Amma buna
qədər ilk növbədə gölə olan müdaxilənin qarşısı alınmalıdır. Hazırda Zığ
qəsəbəsindən iki müxtəlif istiqamətdən məişət və tullantı suları birbaşa gölə
axıdılır. Layihədə bu axıntının qarşısının alınması və Hövsandakı sutəmizləyici
qurğuya yönəldilməsi, burada təmizləndikdən sonra göl ətrafında salınacaq
yaşıllıq zolaqlarının suvarılmasında, həmçinin göldə su balansının
saxlanılmasında istifadə olunması nəzərdə tutulub. Layihəyə uyğun olaraq, Zığ
gölünün Xəzər dənizi ilə də əlaqəsi olacaq. Göldə balansı qorumaq üçün su
səviyyəsi gözlənilən həddi keçdiyi zaman suyun bir qismi Xəzər dənizinə bu
əlaqə vasitəsilə axıdılacaq. Layihə təsdiqləndikdən və icrası üçün vəsait
ayrıldıqdan sonra orada nəzərdə tutulan bütün bu işlər ardıcıllıqla həyata
keçiriləcək”.

Ekoloq Samir İsayev mövzu barədə açıqlamasında bildirdi ki, tədbirlər planında
hədəflər açıq şəkildə qoyulub:

“2014-cü ildə neftin qiymətinin baha olmasından irəli gələrək, ölkəyə valyuta
axını çox idi. Gəlirlərə uyğun olaraq ölkədə bir sıra iri layihələr həyata
keçirilirdi. Lakin 2014-cü ilin sonundan başlayaraq dünya bazarında neftin
qiyməti kəskin aşağı düşməyə başladı, büdcə gəlirləri azaldı. Belə olan halda
bir sıra layihələr donduruldu. Bakının gölləri ilə bağlı layihələr də bu sıraya
daxil edildi. Ola bilsin layihə hissə-hissə icra olunsun. Amma nəzərdə tutulan
intensivlik müşahidə edilmir. Hazırda isə dövlətin, hökumətin qarşısında
dayanan əsas həlli vacib məsələ işğaldan azad olunan rayonların bərpasıdır. Bu
səbəbdən, perspektivdə Bakıda reallaşdırılacaq layihələr paytaxtın
infrastruktur layihələri ilə əlaqələndiriləcək. Əgər əvvəllər göllərin bərpası
sırf ekoloji layihə idisə, hazırda belə məsələlərə sırf infrastruktur layihəsi
çərçivəsində yanaşılır. Yəni, sözügedən ərazinin inkişafı üçün hansısa layihə
icra olunacaqsa, buradakı gölün bərpası, mühafizəsi, ətrafının
abadlaşdırılması, parka, yaşıllıq zolağına çevrilməsinə də diqqət
yetirilirəcək”.

Source link