3d30bb08-aa14-400d-8e37-7a19b3b82098..jpg

Zivər bəy Əhmədbəyovun anım günüdür

Baxış sayı: 885 dəfə baxılıb.

Zivər bəy Əhmədbəyovun anım günüdür

İlk ali təhsilli azərbaycanlı memar Zivər bəy Əhmədbəyovun anım günüdür.

Cixisyolu.com-ın məlumatına görə, Zivər bəy Əhmədbəyov 1873-cü ildə Şamaxı şəhərində
doğulub. Orta təhsilini Şamaxıda alıb. 1902-ci ildə Peterburq İnşaat
Mühəndisləri İnstitutunu bitirib. 1902-1917-ci illərdə Z.Əhmədbəyov Bakı
quberniyasının idarəsində, sonra isə Bakı Şəhər İdarəsində memar işləyib.
Azərbaycan Xalq Cümhuriyyəti elan olunduqdan sonra 1922-ci ilə qədər Bakı
şəhərinin baş memarı olub.

Şamaxıda Cümə məscidinin, İmam məscidinin, Bakıda Təzəpir məscidinin, Göyçayda
Əbülfəzl Əbbas məscidinin (1898-1902), Əmircanda Murtuza Muxtarov məscidinin
(1908, məscidi Kərbəlayi Əhməd tikib) və Vladiqafqazda bir sıra yaşayış, məişət
binaları onun layihəsi ilə tikilib.

Əmircanda layihəsini verdiyi məscid isə Şərq memarlığının ən yaxşı
incilərindən biri kimi UNESCO-nun tarixi abidələr siyahısına salınaraq qorunur.

Z.Əhmədbəyov öz layihələrində Qərbi Avropa və Şərq memarlıq ənənələrini böyük
məharətlə birləşdirirdi. Bakıda onun layihəsi ilə tikilən bir sıra yaşayış
binaları bu gün də qalmaqdadır.

1917-ci ildə Z.Əhmədbəyov “İslam mədəniyyət abidələrini qoruyan”, 1919-cu ildə
isə Şamaxıda mədəniyyət abidələrinin öyrənilməsi ilə məşğul olan “Yeni Şirvan”
cəmiyyətlərini yaradıb.

Zivər bəy Əhmədbəyov 1925-ci ildə Bakıda intihar edib.

Qeyd edək ki, Zivər bəy Əhmədbəyovun Şamaxıdakı iki evindən biri bu günədək
qorunub-saxlanılır. Şirvanşah İbrahim küçəsində yerləşən və Əhmədbəyovun öz
layihəsi əsasında tikilən bu bina qış evi kimi istifadə edilib. Sonralar
satılan və sovet rejimində istismar olunan tikili daha sonra sahibləri
tərəfindən yenidən əldə edilib.

26 may 2011-ci ildə Bakıda metronun “Nizami” stansiyasının qarşısında Zivər
bəy Əhmədbəyovun heykəlinin və onun adını daşıyan parkın açılışı olub. Prezident
İlham Əliyev mərasimdə iştirak edib.

Parkla üzbəüz bina Zivər bəy Əhmədbəyovun layihəsi əsasında inşa edilib.

Source link