“…və şeytan sənin yanına gəldi ki, Allaha xəyanət etmək bacarığına heyran olsun”.
Məşğul olduğumuz hər şey məna daşıyır? Xoşbəxtlik nədədir? Harmoniyaya necə çatmaq olar? Son beş ildir bu suallara cavabı gənc yazıçı Ziya Səfərbəyov axtarır.
Aprel ayında Azərbaycanda yazıçının növbəti “47-ci xromosom” adlı kitabı işıq üzü gördü. Soydaşımızın ilk kitabı “Мой проклятый мир” (“Mənim lənətlənmiş dünyam”) Amerika, İtaliya, Fransa, İspaniya, Almaniyada nəşr olunmuşdu. Yazıçı ÇıxışYolu.Com-a müsahibəsində kitablarının hamısının özünüaxtarışların nəticəsi olduğunu bildirib.
– İlk öncə, özünüz haqda məlumat verin.
– Aşağı sinif uşaqlarının anketlərindəki kimi cavab verəcəyəm. Adım Ziya Səfərbəyovdur. 1991-ci ildə Bakıda anadan olmuşam. Sevdiyim rəng qaradır.
– Nə ilə məşğulsunuz?
– Hazırda ixtisasım üzrə işləyirəm. Avropada magistratura təhsilimi bitirmişəm, Litvanın Kaunas şəhərindəki Böyük Vitovt Universitetində oxumuşam. Sonra Buxarestdə Rumıniya-Amerika Universitetində marketoloq sahəsi üzrə təhsil almışam. Kitablarımı daha yaxşı sata bilmək üçün (gülür). 2017-ci ildə Azərbaycana qayıtmışam.
– Sizi yazıçılıq fəaliyyətinizə başlamağa nə təhrik etdi?
– Bilmirəm. Xüsusi təhriketmə, ya da mütləq kitab yazmalı olduğum deyilən yuxu olmadı. Sadəcə gec, ya tez bu baş verəcəkdi. Kitablar olmasaydı da fikirlər kağızlara töküləcəkdi.
– “Qullar” kitabınızı oxudum, çox bəyəndim.
– İki nəşr olunmayan kitabım – “Tələyə bilet” və “Melanxoniya” var. Onlar Azərbaycan dilinə tərcümə olunub, redaktə olunub və onları elə sabah çapa vermək olar. Elə alındı ki, onları çap etdirməyi çatdırmadım və təhsil almağa getdim.
Qayıdıb onları oxuyanda başa düşdüm ki, orada yazdığım bir çox düşüncə və ideyalarımla artıq razı deyiləm. Buna görə də onlar nəşr olunmamış qalır. Çap olunandan sonra heç bir kitabımı heç vaxt oxumamışam. Yəni kitablarımı bəyənib bəyənmədiyimi heç özüm bilmirəm, amma əlbəttə ki, “Qullar” kitabımı bəyənməyiniz məni sevindirir. Minnətdaram!
– Sonuncu kitabiniz – “47-ci xromosom” nə haqqındadır?
– Kitabın məzmunu barədə cəmi bir cümlə yazılıb. Cümləni oxuyanda insan ya kitabla maraqlanır, ya da yox. Amma sizə onun nə haqda olması barədə bir az danışacağam. o, insan şüuruna təsir edir. O, insanın düşüncəsi ilə nələr edə bildiyi, divanda oturaraq necə səyahətlər edə biləcəyindən danışır.
Amma suala qısa cavab vermək lazımdırsa, deyə bilərəm ki, kitab gənc, həyatda təcrübələr keçirən ailə haqqındadır. LSD kimi narkotiklər, ekstazlar, marixuananı təcrübədən keçirirlər. Gənclərin həyatı başqa cür qəbul etmələri, bu vaxta qədər onlara tanış olmayan, sonradan sevib bir hissəsi olduqları Hippi mədəniyyəti ilə oxşar musiqi ilə tanış olmaları, bir-birlərinə olan sevgiləri, sonrakı taleləri haqdadır. Kitabda çoxlu sarkazm və qəribə fikirlər yer alıb.
Məhkəmə psixiatriyası haqda öyrənməyi xoşlayıram. Kitabda bu barədə hekayələr və danışmayacağım daha bir çox maraqlı məqamlar var. Kitab mağazasına gedib “47-ci xromosom”-u əldə etməyi məsləhət görürəm.
– Məzmunu xarakterizə edən cümlənin nə olduğunu deyə bilərsiniz?
– “Gecə keçdi və şeytan Allaha xəyanət etmək bacarığına heyran olmaq üçün sənin yanına gəldi…”
– Dünyada nəyi dəyişmək istərdiniz?
– Bəlkə də, dünyanı dəyişə bilmərik, amma öz dünyamızı yarada biləcəyimiz dəqiqdir. Daha çox ətrafımdakı dünyamı yaratmaq haqda düşünürəm. Nəyisə doğrudan dəyişmək istəyiriksə, bu, düşüncədən hərəkətimizə keçir, belə olduqda, cəmiyyət, siyasət və s. kimi faktorlar səni özünə çəkə bilərlər. Mən isə heç nədən, hətta “dünyanı yaxşıya dəyişmək” ideyasından da asılı olmaq istəmirəm.
– Siz hələ də özünüzün və istiqamətinizin axtarışındasınız, düz başa düşdüm?
– Bəli, elədir. Ruhi rahatlığın axtarışındayam. Düşünürəm ki, buna görə çox şeyi buraxmaq olar. “Hər şey” sözünü işlətməməyə çalışıram. Amma çox şey doğrudan da “hər şey” sözünə yaxındır, amma yenə də axı hər şey deyil. Son beş ildir həyat tərzi haqda, məşğul olduğum işin nəsə mənası varmı deyə tez-tez düşünürəm. Ya da fikirləşirəm ki, insanların məna saydığı şeylər həqiqətən mənalıdır?
Sizdə də belə hiss olur ki, hər şeyi qoyub dağlarda yaşamağa getmək istəyirsiniz? Hər kəsdən uzaq unudulmuş evdə qalmaq…
Sosial şəbəkələrsiz, xəbərlərsiz, maşınsız, fast-fudsuz, mənəvi dəyərlərsiz, dərslərsiz, riyaziyyat və kosinussuz, iş və 9-10 saatlıq rejimsiz. Onda nə edirik? Heç nə.
Çıxmaq istədiyimiz yerlərə daha çox batırıq. Hər şeyi qoyub getmək, məsələn, Afrikada quyu qazmaq, ya da özünü alpinistliyə həsr etmək fikri oyanır. Bəlkə də, sən dağları fəth edib zirvəyə çıxdıqda xoşbəxt olacaqsan, amma işə gecikməmək üçün hər səhər yeddidə oyanırsan.
Həyatın sistemi ondan çıxmağımıza imkan vermir. Biz də hər şeyi təxirə salmaq üçün minlərlə səbəb düşünürük. Mən özümdə sistemdən çıxmaq və özümü axtarmağa yollanmaq üçün güc tapmağa çalışıram.
– İşlərinizin süjetlərini nədən əldə edirsiniz?
– Fantaziya deyək və əlbəttə ki, həyatdan. Çox vaxt real həyat, real insanlar haqqında yazıram.
– Təşəkkürlər, Ziya.
– Siz sağ olun.
Ramella İbrahimxəlilova