74255fb1-422c-4832-a43e-48ccf8140f03..jpg

Ziya Seyidbəyli: “Atam “Makedon”a sakit oyna deyirdi, məni də məcbur etdi ki, ona möhkəm şillə vurum” – FOTO

Baxış sayı: 547 dəfə baxılıb.

Ziya Seyidbəyli: “Atam “Makedon”a sakit oyna deyirdi, məni də məcbur etdi ki,
ona möhkəm şillə vurum” – FOTO
Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

“Bu gün “Bizim Cəbiş müəllim” filminin çəkildiyi həyətə baxanda nostalji anlar
yaşayıram. Həyət də dəyişilib, orada yaşayan insanlardan da yəqin ki, heç kim
həyatda qalmayıb. Mən həyatda da Namiq rolu kimi sakit təbiətli idim. Makedon
rolunu oynayan Aqil Ağacanov isə məndən tamamilə fərqli idi. Biz əks qütblərdə
dayanırdıq. Həsən Seyidbəyli filmdə bu təzadı yaratmaq istəyirdi və buna nail
oldu. Aqil Pirşağıda yaşayır, kababçıdır. Bəzən çəkilişlərdə görüşürük, indi
artıq gəlmir. Çox utancaq idim. Ona şillə vurmağı mənə atam məcbur etdi. 3-4
dubl etdilər yaxşı alınmadı. Atam dedi ki, “dur vur, çəkinmə”. Aqil çox
enerjili idi, atam hərdən ona deyirdi ki, “sakit oyna, tələsmə”.

Bunu Moderator.az-a açıqlamasında “Bizim Cəbiş müəllim” filmində Namiq rolunun
ifaçısı Ziya Seyidbəyli deyib.

O daha sonra əlavə edib: “Bu gün də filmi izləyəndə kövrəlirəm. Atamın ruhunu
hiss edirəm, dünyasını dəyişmiş qardaşımı, bacım Məryəmi orada görürəm. Atam
bizi filmdə çəkdi ki, xatirə qalsın. Əlbəttə ki, biz aktyor deyildik. Atam heç
özü də istəmirdi ki, biz aktyor olaq. Çünki bu sənət həqiqətən də çətin idi.
Faktiki nə qardaşımla, nə də bacımla birlikdə səhnəm yoxdur. Onlar Şəfiqə
xanımla, Süleyman Ələsgərovla bir yerdə çəkilirdi. Çünki onların övladları
rolunu oynayırdılar. Atam aktyorlara sərbəstlik verirdi. Mən bilirdim ki, 1-ci
və sonuncu dəfədir filmdə çəkilirəm. Heç bu gün də heç kimin mənim o rolu
oynadığımı bilməyini istəmirəm. Nəyə lazımdır ki? Tanınmaq istəmirəm, adətən
belə şeyləri aktyorlar xoşlayır. Mən axı aktyor deyiləm”.

Z.Seyidbəyli bu gün çəkilən filmlərdən gileylənib: “O vaxt hər rejissora icazə
vermirdilər ki, film çəksin. Film çəkmək istəyən rejissor bu işə hərtərəfli
hazırlaşmalı idi. Ciddi nəzarət var idi. Qeyri-professional, peşəkar olmayan
aktyorları filmə çəkmirdilər. Atam da buna böyük önəm verirdi. Ən çox sevdiyi
aktyorlar Əliağa Ağayev, Nəsibə Zeynalova, Şəfiqə Məmmədova, Səfurə İbrahimova
və s. idi. Elə aktyorlar var idi ki, tanınmış olsalar da atam onları filmə
çəkmirdi. Atam xoşlayırdı ki, aktyor hərtərəfli olsun. Sırf müəyyən rolları
yox, hər rolu oynaya bilsin. Bu gün tendensiya dəyişib. Yerindən duran
rejissordur, film çəkir. Hamı aktyordur, peşəkarlıqdan söz də gedə bilməz. Həm
də axı o illərdəki rejissorlar da həyatda yoxdur. Filmi kim çəksin? Əlbəttə ki,
çəkilən filmlərin içərisində az da olsa peşəkarları var. Amma onların sayı
azdır. Çox istərdim ki, bu gün Rasim Balayevdən, Xalidə Quliyevadan
filmlərimizdə istifadə edilsin. Çünki peşəkar aktyorların da sayı azdır”.

Source link