Ziyafət Əsgərov: Əlilliyin müəyyənləşdirilməsi “ASAN xidmət”ə verilsin

Ziyafət Əsgərov: Əlilliyin müəyyənləşdirilməsi “ASAN xidmət”ə verilsin

Baxış sayı: 1. 874 dəfə baxılıb.

Parlamentin bu gün keçirilən iclasında “Əlilliyi olan şəxslərin hüquqları haqqında” qanun layihəsinin üçüncü oxunuşda müzakirəsi keçirilib.

ÇıxışYolu.Com xəbər verir ki, iclasda çıxış edən deputat Zahid Oruc qeyd edib ki, nə qədər ideal, mükəmməl qanun qəbul etsək də, onun icrası normal deyilsə, işləməyəcək: 

“Bu məsələ əlillərlə bağlı qanunuvericiliyə də aiddir. Biz bu məsələnin səbəblərini araşdırmalıyıq ki, niyə insanlar normal tərcümeyi-hallarını korlayaraq əlil olmaq istəyirlər?

Əslində, bunun səbəbləri bizə məlumdur. Çoxu işləmədən özünə müəyyən təminat yaratmaq istəyirlər. Bu məsələ ciddi şəkildə araşdırılmalıdır”.

Deputat Siyavuş Novruzov qeyd edib ki, illərdir ki, əlilliyin müəyyənləşməsi ilə bağlı atılan addımlar parlamentdə müzakirə olunub:

“Hesab edirəm ki, hazırda buna yeni nəzərlərlə baxmalıyıq. Əlilliyin verilməsi ədalət prinsiplərinə əsaslanmalıdır. Elə şəxslər var ki, onların haqqı çatmasa da, əlillik ala bilir. Elələri də var ki, haqqı çatır, amma ala bilmir.

Azərbaycanda əlillərin sayı dünya ölkələri ilə müqayisədə çox yüksəkdir. Ayrı-ayrı strukturlar tərəfindən əlillik dərəcələri düzgün şəkildə verilməyib. Əgər bu say düzgün olarsa, o zaman onların pensiya və məvaciblərinin artırılması məsələsi gündəmə gələ bilər”. 

S.Novruzov bildirib ki, elə əlillər var ki, onlar işləyə bilərlər:

“Əlilləri cəmiyyətdən təcrid etmək deyil, onları cəmiyyətin aktiv bir üzvü kimi fəaliyyətə cəlb etmək olar. Elə əlillər var ki, onlar oturaq şəkildə çalışa bilərlər.

Azərbaycan qanunvericliyinə görə, hər hansı təşkilat bağlandıqda orada ən son əlillər, müharibə veteranları işdən uzaqlaşdırılmalıdır. Bu insanların iş axtarması digərlərindən daha çətindir. Bu qanunda təsdiq olunsa da, bəzi strukturlar buna nəzarət etmirlər.

Bu məsələ ciddi nəzarətdə olmalıdır. Deputat həmkarlarıma kifayət qədər şikayətlər gəlir. Aidiyyəti strukturlar buna ciddi nəzarət etməlidirlər ki, bu cür insanların hüquqları daim qorunsun”.

Birinci vitse-spiker Ziyafət Əsgərov deputatların çıxışına belə reaksiya verib:

“Bu məsələni “ASAN” xidmətə verək. Nə qədər söz-söhbət olar? Bu məsələdən nazirliyin də canı qurtarsın. Süründürməçilikdən də əlil vətəndaşlar azad olunsun. “ASAN xidmət”in bununla bağlı texniki imkanları araşdırılsın”.

Kamil HƏMZƏOĞLU
www.ÇıxışYolu.Com