Zlatko Daliç: Azərbaycana ilk hissədə vurduğumuz qol bizi xilas etdi

Baxış sayı: 2. 629 dəfə baxılıb.

Zlatko Daliç: Azərbaycana ilk hissədə vurduğumuz qol bizi xilas etdi

Yetirmələrimi seçmə mərhələyə qələbəylə başlamaları münasibəti ilə təbrik edirəm. Fanatlarımıza da belə dəstəyə görə təşəkkür edirəm. İndi bizi Macarıstanla oyun gözləyir.

ÇıxışYolu.Com xəbər verir ki, bu sözləri AVRO-2020-nin seçmə qrup mərhələsinin ilk oyununda milli komandamızı Zaqrebdə 2:1 hesabı ilə məğlub edən Xorvatiya yığmasının baş məşqçisi Zlatko Daliç mətbuat konfransında bildirib. 52 yaşlı mütəxəssis millimiz barədə xoş sözlər deyib:

“Azərbaycan millisi çox motivasiyalı idi. Oyunun əvvəlində çoxlu qol epizodu yarada bilmədik. Ancaq bu, seçmə mərhələnin əvvəlidir. Qarşıdakı oyunlarda daha güclü olacağıq. Bir qədər səbirli olmalıyıq. Əsas odur ki, üç xal qazandıq.

İlk hissənin sonlarında vurduğumuz qol bizi xilas etdi. Bu qol bizə düşdüyümüz situasiyaya daha sakit yanaşma gətirdi. Fasilədə nəyi dəyişməli olduğumuz barədə danışdıq.

Qələbə gözlədiyimizdən çətin alındı. Ancaq biz səbirli olduq, qələbə qazanmaqda israr etdik və üç xalı haqq etdik”.

Zlatko Daliç onu da qeyd edib ki, hücum xəttində bu matçda Almaniyanın “Ayntraxt” klubunun hücumçusu Ante Rebiçə istirahət verib. O, Macarıstanla görüşdə start heyətdə yer alacaq.

Qeyd edək ki, Azərbaycanla görüşdə hücum xəttində İtaliyanın “Bolonya” klubuna məxsus Zaqreb “Dinamo”sunun forvardı Bruno Petkoviç meydanda olub. Əlverişli şansları boşa verən debütant 69-cu dəqiqədə Ante Rebiçlə əvəzlənib. Rebiç isə 10 dəqiqə sonra qələbə qolunun ötürməsini verib. 

Səbuhi MUSAYEV