“Azərbaycanın COP29-a ev sahibliyi etməsi tarixi hadisədir. Artıq bir
müddətdir Azərbaycan hökuməti bu tədbirə yüksək səviyyədə hazırlaşır”.
Bunu Bosniya və Herseqovinanın BMT yanında daimi nümayəndəsi, Bosniya və
Herseqovinanın sabiq Baş naziri (2001-2002-ci illər) Zlatko Laqumdzija
“Report”a açıqlamasında deyib.
Diplomat vurğulayıb ki, COP29-un əsas məsələlərindən biri iqlim dəyişikliyinin
maliyyəsidir və bu mövzuda Azərbaycandan çox böyük gözləntilər var:
“Ötən müddət ərzində COP29-un müəyyən edilmiş prezidenti Muxtar Babayevin
rəhbərliyi altında uğurlu danışıqların və görüşlərin keçirilməsi
diqqətəlayiqdir. Əminik ki, Azərbaycanın Sədrliyində keçirilən COP-da iqlim
maliyyəsi ilə bağlı əhəmiyyətli irəliləyişlər olacaq”.
Z.Laqumdzija qeyd edib ki, COP29-un mövzusu çox genişdir:
“Səhiyyə, təhsil, innovasiya, elm, texnologiya, iqlim dəyişikliyinə qadınların
cəlb olunması, gender məsələləri və digər mövzular müzakirə edilir. Bu
sahələrdə aparılan paralel danışıqlar COP29-da vahid bir platformada
birləşəcək. Hər bir təşəbbüsün uğurlu nəticələrini analiz etmək vacibdir.
COP29-u digərlərindən fərqləndirən ən əsas cəhətlərdən biri daha çox maraqlı
tərəflərin iştirak etməsidir. Müxtəlif qeyri-hökumət təşkilatları, biznes
ictimaiyyəti və digər bir sıra qurumlar bu tədbirdə təmsil olunacaq. Artıq
yüzdən çox ölkə lideri və dövlət nümayəndələrinin COP29-a qatılacağı məlumdur.
Hər kəs anlayır ki, əgər iqlim dəyişikliyinə qarşı təcili addımlar atılmasa,
nəticələri çox ağır olacaq və bütün sektorlar bu təsirin altına alacaq”.