Bakı Xocalı qurbanlarını yad edir – FOTO

Bakı Xocalı qurbanlarını yad edir – FOTO

Baxış sayı: 2. 424 dəfə baxılıb.

Azərbaycanın XX əsr tarixinin ən faciəli səhifələrindən biri olan Xocalı soyqırımının 26 ili tamam olur. 

ÇıxışYolu.Com xəbər verir ki, bu gün bununla bağlı minlərlə insan Xocalı soyqırımı qurbanlarının xatirəsinə Bakının Xətai rayonunun ərazisində ucaldılmış abidəni ziyarət edib.

Xocalı soyqırımı erməni silahlı birləşmələrinin Azərbaycana hərbi təcavüzünün ən qanlı səhifəsidir. Aylarla mühasirədə saxlanılan bu şəhər erməni faşistləri və onların havadarları tərəfindən bir gecənin içində yerlə-yeksan edilib. Bu qanlı aksiya zamanı dinc əhaliyə amansızlıqla divan tutulub, 613 nəfər qətlə yetirilib, meyitlər təhqir olunub, 1275 nəfər girov götürülüb, 197 nəfərin isə taleyi hələ də məlum deyil.

Qətlə yetirilənlərin 63 nəfəri uşaq, 106 nəfəri qadın, 70 nəfəri ahıl və qoca idi. Hərbi təcavüz nəticəsində səkkiz ailə tamamilə məhv edildi, 25 uşaq hər iki valideynini, 130 uşaq isə valideynlərindən birini itirdi. Soyqırımı zamanı 56 nəfər xüsusi qəddarlıqla öldürüldü, insanlar diri-diri yandırıldı, başlarının dərisi soyuldu, bədən əzaları kəsildi, gözləri çıxarıldı, hamilə qadınların qarnı süngü ilə yarıldı.

Xocalı faciəsinin günahsız qurbanlarının əziz xatirəsinin böyük izdihamla yad edilməsi onu göstərir ki, ermənilərin həyata keçirdikləri bu dəhşətli qətliam xalqımızın yaddaşından heç vaxt silinməyəcək, bu cinayəti törədənlər gec-tez ədalət məhkəməsi qarşısında cavab verərək layiqli cəzalarını alacaq, şəhidlərimizin qanı yerdə qalmayacaq.

Elvin Əhmədov
Foto: Ehtiram Jabi
www.ÇıxışYolu.Com