Bronxial astma – ağciyər tənəffüs yollarının iltihabı-allergik xəstəliyi Azərbaycanda geniş yayılıb. Azərbaycan əhalisinin 5-8 faizində bronxial astma xəstəliyi müşahidə olunur.
ÇıxışYolu.Com xəbər verir ki, bunu Səhiyyə Nazirliyinin baş allerqoloqu, Azərbaycan Tibb Universitetinin terapiya kafedrasının professoru Cəbrayıl Məmmədov bu gün Tibb Universitetinin Tədris-Terapevtik Klinikasında mövsümi allergiyalara dair keçirilən mətbuat konfransında deyib.
O bildirib ki, bu xəstəliyin Azərbaycanda üç növü müşahidə olunur:
“İstər böyüklər, istərsə də kiçiklər arasında yayılmış allergik xəstəliklər mövcuddur. Həmin xəstəliklərdən biri də pollinoz xəstəliyidir. Pollin çiçək tozudur. Yəni bu xəstəlik daha çox çiçəklərin tozlanması dövründə yaranır. Bu xəstəlik insana tənəffüs yolları – burun, göz və dəri vasitəsilə keçir.
Burunda qaşınma, su axma, gözdə qaşınma, çoxlu və tək-tək asqırmalar pollinoz xəstəliyinin ilkin əlamətləridir. Bəzən də bu xəstəlik insanın tənəffüs yollarının aşağı hissələrinə keçir və bronxial astma xəstəliyinin yaranmasına gətirib çıxarır.
Xəstəliyin Azərbaycanda 3 növü müşahidə olunur. Birinci dövr yaz aylarına, yəni mart ayından may ayına qədər, ikinci dövr yay aylarına, yəni iyundan avqusta qədər, üçüncü dövr isə payız aylarına,yəni avqustdan noyabrın sonlarına təsadüf edir.
Həmin xəstəlik daha çox rütubətli ərazilərdə geniş yayılır. Çünki rütubət olan evlərdə xəstəliyi törədən ev gənələrinin çoxalması buna şərait yaradır”.
Onun sözlərinə görə, mart ayından may ayının sonuna kimi bəzi insanlarda allergik xəstəliklər daha çox əmələ gəlir:
“Bu, yazda ağacların çiçəklənməsi ilə bağlıdır. Əksər insanlar bunu qripə bənzədirlər. Amma bu, qrip deyil. Buna görə də düzgün müalicənin olması mühümdür. Belə olduğu tədqirdə insanlar dərhal allerqoloqa müraciət etməlidir.
Çox təəssüf ki, hazırda bu xəstəlik böyüklərdə və kiçiklərdə daha çox müşahidə olunur”.