MDB Parlament Assambleyası müşahidə missiyasının rəhbəri, Rusiyanın Federasiya Şurasının sədrinin müavini İlyas Umaxanovun başçılığı ilə nümayəndə heyəti Azərbaycan prezident seçkilərində səsvermə prosesini izləməyə başlayıb.
ÇıxışYolu.Com-ın məlumatına görə, 29 saylı seçki dairəsinin 2 saylı seçki məntəqəsində səsvermənin başlanmasını müşahidə edən İ. Umaxanov Azərbaycan xalqını vacib siyasi hadisə, ölkə prezidentinin seçilməsi ilə bağlı təbrik edib.
“MDB PA-dan olan beynəlxalq müşahidəçilər kimi seçki komissiyasının çox dəqiq və sistemli işini görürük.
Mən prezident seçkilərini artıq dördüncü dəfədir müşahidə edirəm. Həm təşkilatçılıq, həm də əhval-ruhiyyə günü-gündən yaxşılaşır, həmçinin ölkə qanunvericiliyi, xüsusilə seçki qanunvericiliyi mükəmməlləşir.
Açıq, daha demokratik, cəmiyyətin bütün təbəqələrinin ümumi maraqlarına, o cümlədən müxalifətin maraqlarına xidmət etmək istiqamətində yaxşılaşır.
İnsanlar seçkilərə yaxşı əhval-ruhiyyə ilə gəlir.
Qafqazda qəbul olunub ki, insanlar sözə deyil, əmələ güvənirlər.
İnsanlar səsverməyə xoş əhval-ruhiyyə, gələcəyə inamla, ölkələrini stabil, çiçəklənən, sülh şəraitində görmək ümidi ilə gəlirlər.
Əminik ki, Azərbaycan xalqı düzgün seçim edəcək”, – deyə o vurğulayıb.
Kamil HƏMZƏOĞLU
www.ÇıxışYolu.Com