Martın 28-də təkbətək görüş başa çatandan sonra Azərbaycan prezidenti İlham Əliyevin və İran İslam Respublikasının prezidenti Həsən Ruhaninin nümayəndə heyətlərinin iştirakı ilə geniş tərkibdə görüşü olub.
ÇıxışYolu.Com xəbər verir ki, prezidentlər görüşdə çıxış ediblər.
Azərbaycan prezidenti İlham Əliyev bildirib ki, iki ölkə siyasi, iqtisadi, mədəni, energetika, nəqliyyat – bütün sahələrdə uğurlu əməkdaşlıq edir:
“Bu əməkdaşlığın gözəl nəticələri var. Bu günə qədər bir çox ikitərəfli sənədlər imzalanmışdır. Onlar icra edilir. Bu gün də imzalanacaq sənədlər əməkdaşlığımız üçün yeni imkanlar açacaq. İmzalanacaq sənədlər, o cümlədən Xəzər dənizində birgə işləməyimizi, Astara-Rəşt dəmir yolunun tikintisini nəzərdə tutur və digər sənədlər, əlbəttə ki, ölkələrimizi bir-birinə yaxınlaşdırmaq üçün xüsusi əhəmiyyət daşıyır.
Əsas məsələ ondadır ki, biz səmimi əməkdaşlıq edirik. Bizim aramızda çox sıx əlaqələr var. Dövlətlərarası əlaqələr sağlam zəmində qurulur. Qarşılıqlı inam var və nəticələr də bu amillərin bariz təzahürüdür”.
Həsən Ruhani qeyd edib ki, İran və Azərbaycan arasında əməkdaşlıq təkcə iki ölkənin deyil, həm də bütün bölgənin xeyrinədir:
“Şimal-Cənub dəhlizi çərçivəsində Rəşt-Astara dəmir yolunun çəkilişi istiqamətində tərəfdaşlığımız qiymətcə sərfəli, rahat və qısa yol olmaqla hər iki dövlət və həm də bölgənin ölkələri, hətta Afrika, Asiya qitələri üçün faydalı olacaqdır. Bu, onun göstəricisidir ki, əməkdaşlığımız bölgənin və dünyanın mənafeyinə xidmət edir.
Xəzər dənizində başladığımız yeni əməkdaşlıq o mənanı daşıyır ki, Allahın verdiyi bu nemətdən, yəni, Xəzər dənizinin sahilyanı ölkələrə verdiyi töhfəsindən maksimum dərəcədə bəhrələnək. Əslində, qərarın qəbul edilməməsinin nəticəsidir ki, böyük bir sərvət istifadəsiz qalıbdır. Biz ya əmək resurslarının, ya pulun, ya sərmayənin, ya da sərvətin istifadəsiz qalmasının tərəfdarı deyilik.
Biz qarşılıqlı səylər və əməkdaşlıq yolu ilə bu sərmayədən yararlana bilərik və hər iki xalq onun şahidi ola bilər ki, Xəzər dənizi inkişaf, sülh və dostluq dənizidir. Bu dəniz qardaşlıq əlaqələrimizi daha da gücləndirir. Qarşılıqlı sərmayə qoyuluşu və sabah açılışı olacaq bəzi layihələr onu göstərir ki, hər iki dövlət münasibətlərimizin genişləndirilməsi istiqamətində addımların atılmasında, ikitərəfli və çoxtərəfli əlaqələrimizin inkişaf etməsində qərarlıdır.
İki ölkə arasında elm, mədəniyyət, ali təhsil sahələrində əlaqələrin genişləndirilməsinin və turizmin inkişafının tərəfdarıyıq. Bölgədə və dünyada sülhün və təhlükəsizliyin təmin olunmasında oxşar və yaxın baxışlarımız vardır.
Biz bu baxışlardan istifadə etmək və bölgədə, həmçinin dünyada möhkəm sülhün və təhlükəsizliyin bərqərar olduğunu görmək arzusundayıq. Arzu edirəm ki, siyasət, iqtisadiyyat, mədəniyyət sahələrində, eləcə də regional və beynəlxalq əlaqələr müstəvisində günbəgün münasibətlərimizin inkişafının şahidi olaq”.
21:12
Martın 28-də rəsmi qarşılanma mərasimindən sonra Azərbaycan prezidenti İlham Əliyevin və İran İslam Respublikasının prezidenti Həsən Ruhaninin təkbətək görüşü olub.
ÇıxışYolu.Com xəbər verir ki, dövlət başçıları görüşdə çıxış ediblər.
Azərbaycan prezidenti səfərin uğurlu olacağı, İran-Azərbaycan dostluq və qardaşlıq əlaqələrinin inkişaf edəcəyinə əmin olduğunu bildirib:
“Bizim aramızda çox sıx əlaqələr mövcuddur. Bütün sahələr üzrə çox yaxşı əməkdaşlıq edirik. Həm siyasi, həm iqtisadi, mədəni, enerji, nəqliyyat – bütün sahələrdə yaxşı nəticələr var və bu gün imzalanacaq sənədlər əlaqələrimizin inkişafına yeni təkan verəcək. Bizim görüşlərimiz müntəzəm olaraq keçirilir. Görüşlər zamanı əldə edilmiş razılaşmalar, verdiyimiz tapşırıqlar yerinə yetirilir. Bunun nəticəsində bu gün İran-Azərbaycan əlaqələri ən yüksək zirvəyə çatmışdır. Bir daha xoş gəlmisiniz”.
Prezident Həsən Ruhanı, öz növbəsində deyib:
“Biz bu Novruz bayramı günlərində Sizin ölkənizin və xalqınızın qonağıyıq. Regionun iki böyük milləti, iki böyük xalqı ortaq tarix və mədəniyyətə sahibdir. Eyni zamanda, ortaq məqsədlər də müəyyənləşdirilib ki, qarşıdakı hədəflərə nail olunsun.
Çox sevinirəm ki, hər dəfə Sizinlə görüşürük. Bunun şahidi oluruq ki, iki ölkənin əlaqələrində inkişaf əldə etmişik. Ötən bir neçə ildə biz onuncu dəfədir ki, görüşürük, yəni, üzbəüz görüşürük. Bu da göstərir ki, iki ölkənin əlaqələri səmimiyyətə söykənir. Keçmişdə razılaşdığımız məsələlər bu gün öz töhfəsini verir və sabah da biz bir neçə açılışın şahidi olacağıq.
Budəfəki səfərimizdə də əldə edəcəyimiz razılaşmalar qətiyyətlə deyə bilərəm ki, iki ölkənin əlaqələrinin inkişafına xidmət edəcək. Biz Azərbaycanın təhlükəsizliyini və suverenliyini öz təhlükəsizliyimiz və suverenliyimiz hesab edirik. İki dövlət, iki millət və iki xalqın iradəsi ilə biz bu əlaqələri daha da inkişaf etdirəcəyik. Zati-alinizin və xalqınızın qonaqpərvərliyinə görə bir daha təşəkkür edirəm”.
17:56
Martın 28-də təkbətək görüş başa çatandan sonra Azərbaycan Respublikasının prezidenti İlham Əliyevin və İran İslam Respublikasının prezidenti Həsən Ruhaninin nümayəndə heyətlərinin iştirakı ilə geniş tərkibdə görüşü olub.
ÇıxışYolu.Com-ın xəbərinə görə, bu barədə Azərbaycan prezidentinin mətbuat xidməti məlumat yayıb.
17:39
Martın 28-də rəsmi qarşılanma mərasimindən sonra Azərbaycan Respublikasının prezidenti İlham Əliyevin və İran İslam Respublikasının prezidenti Həsən Ruhaninin təkbətək görüşü olub.
ÇıxışYolu.Com-ın xəbərinə görə, İran prezidentinin Azərbaycana səfəri davam edir.
17:28
Bu gün Azərbaycan Respublikasına rəsmi səfərə gələn İran İslam Respublikasının prezidenti Həsən Ruhaninin rəsmi qarşılanma mərasimi olub.
ÇıxışYolu.Com xəbər verir ki, hər iki ölkənin dövlət bayraqlarının dalğalandığı meydanda İran prezidentinin şərəfinə fəxri qarovul dəstəsi düzülüb.
Azərbaycan Respublikasının prezidenti İlham Əliyev İran İslam Respublikasının prezidenti Həsən Ruhanini qarşılayıb.
Fəxri qarovul dəstəsinin rəisi İran prezidentinə raport verib.
Prezident İlham Əliyev və prezident Həsən Ruhani fəxri qarovul dəstəsinin qarşısından keçiblər.
İran prezidenti Azərbaycan əsgərlərini salamlayıb. İranın və Azərbaycanın dövlət himnləri səslənib.
Azərbaycanın dövlət və hökumət nümayəndələri prezident Həsən Ruhaniyə, İran nümayəndə heyətinin üzvləri prezident İlham Əliyevə təqdim olunub.
Fəxri qarovul dəstəsi hərbi marşın sədaları altında prezidentlərin qarşısından keçib.
12:53
Türkmənistanda rəsmi səfərdə olan İran İslam Respublikasının prezidenti Həsən Ruhani görüşlərini bitirərək Azərbaycanın paytaxtı Bakıya səfər edib.
ÇıxışYolu.Com xəbər verir ki, Türkmənistanın paytaxtı Aşqabad şəhərinə gedən Ruhani rəsmi təmaslarının ardından bu gün səhər Mərv şəhərində bəzi tarixi yerləri ziyarət edib.
Dünən Ruhaninin türkmən həmkarı ilə keçirdiyi təkbətək danışıqlar sonrası heyətlər arası görüşlər baş tutub və daha sonra İran və Türkmənistan arasında 13 əməkdaşlıq sazişi imzalanıb.
Prezident Ruhaninin Azərbaycan səfəri prezident İlham Əliyevin rəsmi dəvəti əsasında gerçəkləşib.
H.Ruhanini Azərbaycanın rəsmi şəxsləri və Bakıdakı İran diplomatları qarşılayıb.
H.Ruhani Azərbaycan rəhbərliyi ilə görüşəcək və ikitərəfli münasibətlərin inkişaf perspektivlərini müzakirə edəcək.
Səfər zamanı iki ölkə arasında bir sıra sənədlərin imzalanması nəzərdə tutulub.