Hər hansı hadisəni diqqətlə izləyən insan, gözünün qarşısında baş verənləri görə bilməyincə, yadplanetliləri də aşkarlaya bilməyəcək.
ÇıxışYolu.Com xəbər verir ki, bu barədə beynəlxalq neyrofizioloqların məqaləsi “Acta Astronautica” jurnalında dərc olunub.
Kadis universitetindən (İspaniya) olan alim Qabriel de la Torrenin sözlərinə görə, biz “idrak qardaşlarımız” haqda düşünəndə, onların görünüşünü şüur və təxəyyülümüzün hüdudları daxilində təsəvvür edirik.
“Ancaq biz anlamaq istəmirik ki, insan üçün unikal olan ətraf aləmi qavrama bacarığı əslində bizim imkanları məhdudlaşdırır. Biz bu çərçivələrdən çıxıb, mümkünlük hüdudlarından kənarda yaşayan varlıqları təsəvvür etməyə cəhd etdik” deyə alim bildirib.
Bundan təxminən yarım əsr əvvəl amerikalı astronom Frenk Dreyk Qalaktikada “mövcud olan və Yer planeti ilə əlaqə yaratmaq imkanları olan” sivilizasiyaların hesablanması üçün xüsusi formula hazırlayaraq, yadplanetli idrak və həyatın aşkarlanma şanslarını qiymətləndirməyə çalışıb.
Fizik Enriko Fermi yadplanetlilərlə insanlar arasında əlaqənin qurulması şanslarını yüksək qiymətləndirən Dreykin formulasını inkişaf etdirərək, “Fermi paradoksu” adlandırılan teziz ərsəyə gətirib:
Yadplanetli sivilizasiyalar bu qədər çoxdursa, insanlar nə üçün onları görə bilmir və onların izlərini aşkarlamır?
Bu paradoksu alimlər uzun illərdi ki, müxtəlif vasitələrlə çözməyə çalışır, bunlardan ən populyarı isə “unikal Yer planeti” fərziyyəsidir. Həmin fərziyyəyə görə, şüurlu varlıqların peyda olması və ya gözə görünməsi üçün unikal şərtlərin olması sadə dillə desək, bizim planetin surətinin mövcud olması tələb olunur.